ABŞ-da müstəqil kitab mağazalarının sayı 70 faiz artıb
ABŞ-da müstəqil kitab mağazalarının sayı 2020-ci ildən bəri 70 faiz artaraq 3 min 200-dən çoxa çatıb. Eyni zamanda, ölkədə məktəb məzunlarının oxu bacarıqları kritik səviyyəyə düşüb.
ABŞ-ın müxtəlif bölgələrində müstəqil kitab mağazalarının sayı 2020-ci ildən etibarən təxminən 70 faiz artaraq 1 900-dən 3 200-dən çoxa yüksəlib. 2025-ci ildə ölkə üzrə 422 yeni müstəqil mağaza açılıb. "Barnes & Noble" isə 2024-cü ildə 50-dən çox yeni filial açıb, əlavə 60 filial açmağı planlaşdırır.
Bu artım “Chaucer’s Books” kimi yerli müstəqil kitab mağazalarında müşahidə olunan uzun növbələrlə üst-üstə düşür və milli səviyyədə artan bir tendensiyadır.
Lakin eyni zamanda, ABŞ-ın orta məktəb məzunlarının oxu bacarıqları kritik səviyyəyə enib. 1992-ci ildə başlanmış Milli Təhsil Qiymətləndirməsində (NAEP) ən aşağı göstəricilərə çataraq yalnız 35 faiz məzun yüksək səviyyədə oxu bacarığı nümayiş etdirib. Təxminən üçdə biri oxu bacarıqlarında əsas səviyyənin altında qalaraq mətnin təfsilatlarını dəqiq anlaya bilmir.
Ədəbiyyat mütəxəssisləri bu ziddiyyəti sosial və coğrafi fərqlərlə izah edir. Mədəni və maddi imkanları yüksək olan bölgələrdə və təbəqələrdə kitab oxumağa və müstəqil kitab mağazalarına maraq artır, eyni zamanda resurs çatışmazlığı olan kənd və ucqar bölgələrdə, aşağı gəlirli ailələrdə isə oxu göstəriciləri aşağı qalır.
"Chaucer’s" kitab mağazasının həmtəsisçisi Cen Lemberger deyir ki, kitablar bir çoxları üçün lüks məhsuldur və mağazaların artımı demoqrafik dəyişiklikləri əks etdirir. Məsələn, kitabxanalardan ən çox istifadə edən milleniallar və Z nəsli indi kiçik biznes açaraq kitablara sərmayə qoymaq imkanına malikdirlər.
Fəaliyyət göstərən kitab mağazalarının əksəriyyəti isə daha çox sosial məkan rolunu oynayır. Onların satışında ədəbiyyatdan daha çox məhsul kimi kitablar üstünlük təşkil edir. Populyar sosial şəbəkə videolarının təsiri ilə yayılan, məzmunundan çox status məqsədilə alınan nəşrlər də yer almaqdadır.
2025-ci ildə aparılan Pew Research araşdırmasına görə, universitet məzunlarının 88 faizi son bir ildə kitab oxuduğunu deyir, halbuki yalnız orta məktəb təhsili olanların 60 faizi belə cavab verib.



