Türkiyə yeni pilotsuz uçuş aparatları üçün izləmə sistemi hazırlayır
Türkiyənin mülki aviasiya qurumu ölkədə sürətlə artan pilotsuz uçuş aparatlarının istifadəsini tənzimləyən yeni təhlükəsizlik və texniki qaydalar hazırlayır. Yeni sistem sertifikatlaşdırılmış dronların uçuşunu real vaxtda izləmək və idarə etmək üçün nəzərdə tutulub.
Türkiyədə pilotsuz uçuş aparatlarının istifadəsi genişlənməkdədir. İstirahət, kommersiya, kənd təsərrüfatı və yük daşımalar da daxil olmaqla müxtəlif sahələrdə dronlardan istifadə artır.
Mülki Aviasiya Baş İdarəsi yeni qaydalar layihəsini ictimai müzakirəyə təqdim edib. Layihədə Türkiyə hava məkanında PUA-ların dizaynı, istehsalı, satışı və istifadəsi ilə bağlı təhlükəsizlik və texniki standartların yenilənməsi nəzərdə tutulur.
Təklifə əsasən, PUA əməliyyatları risk səviyyələrinə görə üç kateqoriyaya – açıq, xüsusi və sertifikatlı bölünəcək.
Sertifikatlı dronlar sıx məskunlaşmış ərazilərdə uçuş icazəsi alacaq və onlar insan və təhlükəli materialların daşınmasında da istifadə edilə biləcək.
Xarici qeydiyyatda olan dronlar uçuş icazəsini ən azı 20 gün əvvəl əldə etməlidir.
Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən təsdiqlənmiş, bitki mühafizəsi üçün istifadə olunan kənd təsərrüfatı dronları təhlükəli material daşımaları qaydalarından azaddır.
Nazirlik sertifikatlı PUA-lar üçün hava layiqliyi sertifikatları verəcək və "PUA Trafik İdarəetmə Sistemi" yaradacaq. Bu mərkəzləşdirilmiş platforma qeydiyyatdan keçmiş dronların uçuşlarını real vaxtda izləyəcək, təhlükəsizliyi təmin edəcək, hava məkanı və coğrafi məlumatları rəqəmsal formatda yayımlayacaq, icazə müraciətlərini onlayn emal edəcək.
Sistem eyni hava məkanında bir neçə dronun qarşılaşmasının qarşısını alacaq və operatorları xəbərdar edəcək.
Səlahiyyətlilər izinsiz uçuş edənlərə və təyin olunmayan zonalarda əməliyyat aparanlara inzibati cəzalar tətbiq ediləcəyini, cinayət işlərinin isə prokurorluğa göndəriləcəyini bildiriblər.
Açıq və xüsusi kateqoriyalarda PUA idarə edənlərin minimum yaşı 16 olaraq müəyyənləşib.
Hürriyet Daily News
Türkiye plans new drone tracking system under new UAV rules
Orijinal məqaləyə keç


