Kobud müdaxilə və ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvəti arxasında nə dayanır?
26 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

İranın elm nazirinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi müstəqil dövlətin daxili işlərinə və təhsil siyasətinə kobud, yersiz və qəbuledilməz müdaxilə cəhdidir. Heç bir xarici vəzifəli şəxsin başqa suveren dövlətin məktəb qaydalarını və təhsil mühitini hədəfə alaraq onun vətəndaşlarını öz ölkəsinə dəvət etmək haqqı yoxdur. Bu addım qarşılıqlı hörmət prinsipinə və dövlətlərin daxili işlərinə qarışmamaq tələbinə ziddir. Təhsil bəhanəsi ilə regional gərginlik yaratmaq, Azərbaycandakı dünyəvi məktəb forması qaydalarını dini müstəviyə
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın elm nazirinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi müstəqil dövlətin daxili işlərinə və təhsil siyasətinə kobud, yersiz və qəbuledilməz müdaxilə cəhdidir. Heç bir xarici vəzifəli şəxsin başqa suveren dövlətin məktəb qaydalarını və təhsil mühitini hədəfə alaraq onun vətəndaşlarını öz ölkəsinə dəvət etmək haqqı yoxdur. Bu addım qarşılıqlı hörmət prinsipinə və dövlətlərin daxili işlərinə qarışmamaq tələbinə ziddir. Təhsil bəhanəsi ilə regional gərginlik yaratmaq, Azərbaycandakı dünyəvi məktəb forması qaydalarını dini müstəviyə çəkərək manipulyasiya etmək cəhdi kimi qiymətləndirilir.
Dünyəvi təhsil qaydaları Azərbaycanın öz seçimidir və bu qaydaların necə olacağını yalnız Azərbaycan özü müəyyən edir. Onları dini qarşıdurma predmetinə və siyasi təzyiq alətinə çevirmək cəhdi qəbuledilməzdir. Azərbaycan heç bir xarici dövlətin onun təhsil sisteminə və qanunlarına müdaxiləsinə imkan verməyəcək. Ölkənin təhsil siyasəti Azərbaycanın qanunları və öz iradəsi əsasında formalaşır, kənardan diktə olunmur.
Qırx milyon azərbaycanlının pozulan təhsil hüququ "görməyən" nazir
İranda yaşayan təxminən 40 milyon azərbaycanlının elementar ana dilində təhsil hüququ tapdalanır. Belə şəraitdə kiminsə başqasına təhsil dərsi keçmək haqqı yoxdur. Öz ölkəsində milyonlarla soydaşın ana dilində oxumaq imkanını təmin etməyən dövlətin rəsmisinin qonşu ölkənin qızlarını təhsil adı altında dəvət etməsi ikili standartdır. Bu gün İranda azərbaycanlılar üçün bir dənə də olsun ana dilində orta məktəb və ya universitet yoxdur, milyonlarla soydaşın doğma dildə təhsil almaq hüququ tanınmır. Ana dilində təhsil hüququ elementar hüquqdur və bu hüququn tanınmadığı bir mühitdən gələn dəvət nə inandırıcı, nə də səmimi sayıla bilər.
İran Prezidenti Məsud Pezeşkian həm daxili auditoriya qarşısında, həm də beynəlxalq görüşlərdə rahat şəkildə Azərbaycan dilində danışır. Bu fakt göstərir ki, Azərbaycan dili həmin mühitdə danışılan və rəsmi səviyyədə belə eşidilən dildir. Lakin eyni dövlətin rəsmi siyasəti azərbaycanlılara öz ana dilində təhsil imkanı vermir. Dil danışıq səviyyəsində mövcud olsa da, məktəbdə və universitetdə bu dilə yer verilmir. İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsi etnik azlıqların ana dillərində təhsil almasını və mətbuat orqanı qurmasını qanuni olaraq tanısa da, bu maddənin icrası sistemli şəkildə bloklanır. Kağız üzərində tanınan hüquq praktikada həyata keçmir. Hətta prezident seçkiləri kampaniyasında Pezeşkian özü bu maddənin icrasını vəd etsə də, vəziyyət dəyişməyib. Vədin verilməsi, lakin yerinə yetirilməməsi problemi daha da qabarıq edir. Beləliklə, İranda özlərinin qəbul etdiyi konstitusiyaya hörmət qoyulmur. Öz konstitusiyasını icra etməyən dövlət başqasına təhsil və hüquq dərsi verə bilməz.
Azərbaycanın dünyəvi təhsil mühitindən, məcburi geyim qaydaları sisteminə çağırış
Dəvət edilən azərbaycanlı qızlara hansı dildə dərs keçiləcək? Bu sual cavabsız qalır. Ana dilində bir dənə də olsun orta məktəb və universitet olmayan ölkədə azərbaycanlı qızların hansı dildə və hansı hüquqlarla təhsil alacağı aydın deyil. İranda qızların və qadın müəllimlərin ibtidai məktəbdən tutmuş ali təhsil müəssisələrinə qədər başıaçıq şəkildə dərsə və ya işə buraxılması qanunla qadağandır. Yəni dəvət olunanlar Azərbaycandakı dünyəvi təhsil mühitindən fərqli, məcburi geyim qaydalarının hökm sürdüyü sistemə çağırılır. Bu fonunda sual yaranır: Azərbaycan da İranda məcburi hicab geyinmək istəməyən başıaçıq iranlı xanımları təhsil almaq üçün dəvət etsin? Bu sual müdaxilənin nə qədər əsassız və ikili standartlara söykəndiyini göstərir. Bir dövlət başqa ölkənin təhsil qaydalarını hədəf almağı özünə rəva bilirsə, eyni məntiqlə onun özündə mövcud olan məcburi qadağalar da sual altına düşür.
İranın problemlərini "görməyərək" xaricə boylanan nazir
İran rəsmiləri başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrində mövcud olan dərin sosial, iqtisadi və təhsil sistemindəki ədalətsizliklərlə və problemlərlə məşğul olsun. Ana dilində təhsil hüququnun tanınmaması, Konstitusiyanın 15-ci maddəsinin icra olunmaması, qızların və qadın müəllimlərin başıaçıq dərsə və işə buraxılmaması İranın öz daxilində həllini gözləyən məsələlərdir. Qonşu dövlətin dünyəvi təhsil qaydalarına irad tutmaq, azərbaycanlı qızları hədəf alan videomüraciətlərlə regional gərginlik yaratmaq bu problemləri nə gizlədə, nə də həll edə bilər. Azərbaycan öz təhsil sistemini, qanunlarını və dünyəvi qaydalarını qoruyacaq və heç bir kənar müdaxiləyə yol verməyəcək.
"Report" Analitik Qrupu.
Oxşar xəbərlər


Dünya
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
Report.az · 26 oktyabr 2026, 21:47

Dünya
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Report.az · 26 oktyabr 2026, 18:48

Dünya
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
Report.az · 26 oktyabr 2026, 18:17