Microsoft Office 2019 Mac versiyasını iyuldan etibarən deaktiv edir
Microsoft iyul ayından etibarən Office 2019 tətbiqlərinin Mac versiyasını söndürəcək. İstifadəçilər Office 2024 və ya "Microsoft 365" abonentliyi almağa məcbur qalacaqlar.
Microsoft-un Mac üçün Office 2019 proqramları gələn ay işləməyi dayandıracaq, çünki şirkət Office lisenziyalarını təsdiqləyən sertifikatın müddətini yeniləməyəcək. Office 2019 Mac istifadəçilərinə sənədləri redaktə etməyə davam etmək üçün Office 2024 və ya "Microsoft 365" abunəliyi almaq tələb olunacağı barədə xəbərdarlıq edilir.
Microsoft əvvəlcə 2023-cü ildə rəsmi dəstəyin sona çatdığını açıqlayarkən "bütün Office 2019 tətbiqləriniz işləməyə davam edəcək" vədini vermişdi. Lakin şirkət keçən ay dəstək qeydini sakitcə yeniləyərək tətbiqlərin işləməyə davam edəcəyi ifadəsini çıxardı və əvəzində "Office 2019 tətbiqləriniz heç bir məlumat itirməyəcək" bəyanını əlavə etdi.
İyulun 13-dən etibarən Office 2019 və Office 2021 Mac versiyaları "məhdud funksionallıq rejimi"ndə işləyəcək. Bu rejimdə istifadəçilər faylları aça biləcək, lakin onları redaktə etmək, saxlamaq və ya yeni sənəd yaratmaq mümkün olmayacaq. Məhdudiyyətlər Word, Excel, PowerPoint, Outlook və OneNote proqramlarını əhatə edəcək.
Microsoft Office 2021 üçün sertifikat yeniləməsi təqdim edir, çünki onun dəstəyi hələ 13 oktyabr 2026-cı ilədək davam edir. Lakin Office 2019 istifadəçiləri üçün dəstək bir neçə il əvvəl dayandırılıb və bu proqramların yenilənməsinə imkan yoxdur. Microsoft bildirir ki, "Office 2019 Mac dəstəyi 10 oktyabr 2023-cü ildə başa çatıb və artıq yeniləmələr almır. Office 2019-un tələb olunan versiyaya yenilənməsi mümkün olmadığından problemi yeniləmə və ya yenidən quraşdırma ilə həll etmək mümkün deyil."
Üstəlik, JimmyTech qeyd edir ki, Mac və iOS üçün köhnə "Microsoft 365" versiyaları da sertifikat problemi ilə üzləşə bilər, amma bu tətbiqlərin sadə yeniləməsi problemi aradan qaldıracaq.
Microsoft proqram təminatının dəstəyini tez-tez dayandırır və köhnə proqramlar və Windows versiyaları ilə işləmə zamanı çətinliklər yarana bilər. Lakin bu sertifikat probleminin, artıq birdəfəlik lisenziya üçün ödəniş etmiş istifadəçilərin əsas funksiyalarını pozması gözlənilməzdir.



