ABŞ Kubaya hərbi müdaxilə təhlükəsini artırıb
ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionun Kubaya qarşı hərbi addımlar barədə təhdidləri artır. ABŞ administrasiyası, Kuba iqtisadiyyatını iflic vəziyyətə gətirən yanacaq blokadası və hərbi qüvvələrin yerləşdirilməsi ilə təzyiqi gücləndirir.
ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio Kubaya qarşı hərbi tədbirlərin qəbul edilmə ehtimalını bildiriblər.
Rubio cümə axşamı gecə jurnalistlərə deyib ki, Kuba illərdir ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid təşkil edir, çünki onun Rusiya və Çin kimi ABŞ-ın rəqibləri ilə əlaqələri var. Tramp isə bildirib ki, özü Kubaya qarşı əməliyyat keçirən prezident ola bilər.
Tramp administrasiyası, kəskin solçu Kuba adasında “rejim dəyişməsi”ni həyata keçirmək məqsədilə, Kuba-Amerikalı Rubio ilə birgə, yanacaq blokadası daxil olmaqla iqtisadi təzyiqləri artırıb və ada iqtisadiyyatını çökmək həddinə çatdırıb.
Son günlər bu addımlar daha da sürətlənib, ABŞ keçmiş prezident Raul Kastronu ittiham edib və Karib dənizində hərbi qüvvələr toplamaqdadır.
Rubio “millət quruculuğu” variantını rədd edərək bildirib ki, söhbət milli təhlükəsizlikdən gedir. O əlavə edib ki, ABŞ diplomatik razılaşma istəyir, lakin Kubayla dialoq yolu aşağı səviyyədədir.
Rubio deyib: “Onların iqtisadi sistemi işləməyib, sıradan çıxıb və mövcud siyasi qurumla düzəldilməsi mümkün deyil.”
O vurğulayıb ki, Kuba illərdir vaxtı uzatmağa və ABŞ-ı gözləməyə alışıb, amma artıq bunu bacarmayacaq. “Biz ciddi və fokuslanmışıq.”
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə bildirib ki, illərdir ABŞ prezidentləri Kubaya müdaxilə etməyi düşünür, amma görünür, bu işi məhz o həyata keçirəcək və bunu etməkdən məmnun olacağını vurğulayıb.
Kuba Xarici İşlər naziri Bruno Rodrigez Rubio-nun Kubanı təhlükə kimi qələmə verməsini yalan adlandıraraq tənqid edib.
Rodrigez deyib: “ABŞ dövlət katibi yalan danışaraq hərbi təcavüzü təşviq etməyə çalışır, buda Kuba və Amerika qanının axmasına səbəb olacaq.”
Gərginliyin artması
Donald Tramp vəzifəyə qayıtdıqdan sonra Kubaya çoxsaylı sanksiyalar tətbiq edib, yanacaq blokadasını həyata keçirib və bölgədə hərbi qüvvələr yığır.
Cümə axşamı ölkələr arasındakı gərginlik artarkən ABŞ keçmiş prezident Raul Kastronu 1996-cı ildə baş verən təyyarə qəzaları ilə əlaqədar ittiham edib.
Eyni gündə Kuba hərbi idarəsi ilə bağlı iqtisadiyyata nəzarət edən Grupo de Administracion Empresarial SA (GAESA) holdinqinin yüksək səviyyəli rəhbərindən olan Adys Lastres Morera saxlanılıb.
Kubaya qarşı son həftədə əlavə sanksiyalar tətbiq olunub. ABŞ hərbi donanması çərşənbə günü bir sıra gəmi, o cümlədən bir təyyarədaşıyan gəmini Latın Amerikası ölkələri ilə birgə dəniz təlimlərinə hazırlamaq üçün Karib dənizinə gətirib.
Rubio bildirib ki, Kuba əvvəllər 100 milyon dollarlıq yardım təklifini islahatlar qarşılığında qəbul etmişdi, lakin ABŞ bunları GAESA holdinqini əhatə etmədən qəbul etməyəcək.
Analitiklər Tramp və Rubionun Kubada da Venesuelada olduğu kimi rejim dəyişdirmə əməliyyatını nəzərdə tutduqlarını bildirir.
Yanvar ayında solçu prezident Nikolas Maduro və həyat yoldaşı hərbi əməliyyatla ABŞ-a aparılıb. Maduronun üzərinə “narkoterrorizm” ittihamı irəli sürülüb.
Rubio Kubanın Çin və Rusiyanın təhlükəsizlik və kəşfiyyat xidmətləri ilə əlaqələri səbəbindən ABŞ üçün ciddi təhlükə yaratdığını vurğulayır.
Hər iki ölkə ABŞ-ın Kubaya təzyiqini tənqid edib. Çin Cümə günü “Kubaya qətiyyətlə dəstək verməklə” yanaşı ABŞ-ı gərginliyi azaltmağa və “hərbi təhdiddən çəkinməyə” çağırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib: “Biz inanırıq ki, nə əvvəlki, nə də hazırkı dövlət başçılarına qarşı zorakılığa yaxın üsullar tətbiq etməmək lazımdır.”



