Yaponiya Çinin hərbi inkişafında şəffaflıq çatışmazlığından narahatdır
Yaponiya müdafiə naziri Şindziro Koizumi Çinin hərbi potensialını şəffaflıq olmadan artırmasını tənqid edib. O bildirib ki, Yaponiya müdafiə gücünü mərhələlər üzrə gücləndirəcək və yüksək şəffaflıqla yeniləyəcək.
Yaponiyanın müdafiə naziri Şindziro Koizumi bazar günü Sinqapurda keçirilən illik Shangri-La Dialoqunda Çini hərbi qabiliyyətlərini kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib.
O qeyd edib ki, Pekin müdafiə xərclərini yüksək səviyyədə artırmağa davam edir və Çinin hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq yaradır.
İki Asiya ölkəsi arasındakı münasibətlər, Yaponiya Baş naziri Sanae Takaichinin noyabrda Çinin Tayvana – Çin tərəfindən ərazi kimi iddia olunan özünüidarə edən demokratik ada – hücum etməsi halında Yaponiyanın hərbi müdaxilə edə biləcəyini bildirməsindən sonra ən gərgin dövrdədir.
İqtisadi güc olan Çin riskli tərəfdaşdır
Takaichinin rəhbərliyi altında Yaponiya daxili silah sənayesini gücləndirir və II Dünya müharibəsindən sonra prinsipləri dəyişərək müdafiə tərəfdaşları ilə əlaqələri dərinləşdirir.
Ötən ay Çin Xarici İşlər Nazirliyi Asiya-Sakit Okean ölkələrini Yaponiyanın "yeni militarizm" siyasətinə qarşı birlikdə ehtiyatlı olmağa çağırıb.
Koizumi isə bazar günü Yaponiyanın "yeni militarizm" qəbul etdiyi barədə Çin tərəfinin ittihamlarını rədd edib.
Müdafiə naziri bunların həqiqətdən uzaq olduğunu bildirib.
O əlavə edib: "Düşünün, nüvə silahları və strateji bombardmançıların böyük arsenalına malik bir ölkə var. Yaponiya isə belə silahlara malik deyil. Buna baxmayaraq, Yaponiya 'yeni militarizm' kimi adlandırılır. Bu qəribə deyilmi?"
Lakin Sinqapur forumunda iştirak edən Çin nümayəndəsi general-mayor Meng Siangçin Yaponiyanı sərt tənqid edib.
O deyib: "Mən dərin şübhə edirəm ki, militarizmin zərərli mirasını tam şəkildə aradan qaldırmamış bir ölkə beynəlxalq tədbirlərdə müdafiə əməkdaşlığı haqqında geniş danışa bilər və xüsusilə bir vaxtlar işğal etdiyi Asiya ölkələrinin etimadını qazana bilər."
Pasifist Yaponiya silahlanmanı gücləndirir
Koizumi bildirib ki, Yaponiya müdafiə qabiliyyətlərini davamlı şəkildə gücləndirəcək və süni intellekt, pilotsuz sistemlər, kibertəhlükəsizlik və kosmos müdafiəsi sahələrində yüksək şəffaflıqla yeniliklər aparacaq.
Tokio Asiya-Sakit Okean regionunda müdafiə əməkdaşlığını gücləndirməyə və qoruyucu qüvvəsini artırmağa qərarlıdır.
O əlavə edib: "Yaponiyanın sülhsevər keçmişi region və beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir. Bu, yalan iddialarla sarsıla bilməyəcək həqiqətdir."
Koizumi Yaponiya müharibədən sonrakı dövrdə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqliyini, həmçinin "azad və açıq beynəlxalq nizamın" qorunması üçün səylərini nümunə gətirib.
Çin müdafiə naziri Don Cün isə ikinci il ardıcıl Asiyanın ən böyük müdafiə sammitində iştirak etməyib.
Koizumi forumda Çin həmkarı ilə görüşə bilmədiyi üçün kədərləndiyini deyib və Tokionun dialoqa açıq olduğunu vurğulayıb.
O bildirib: "Biz qapını açıq saxlayırıq."




