Vyetnamda Hindistanlı turistləri daşıyan qayıq batıb, 15 nəfər həlak olub
Vyetnamın cənubunda, Phu Quoc adası yaxınlığında qayığın batması nəticəsində azı 15 hindistanlı turist ölüb. Hadisədə 21 nəfər xilas edilib.
Phu Quoc adasının cənub sahilində Hindistanlı turistləri daşıyan qayıq batıb. Yerli mətbuata görə, hadisə zamanı azı 15 hindistanlı turist həyatını itirib.
Vyetnamın VnExpress saytının məlumatına görə, qayıqda 36 nəfər olub. O, May Rut Ngoai adacığının sahilindən təxminən 400 metr aralıda çevrilib.
Turistlər və sahil mühafizə qayıqları xilasetmə əməliyyatına qoşulub. Onlardan 21 nəfər sudan təhlükəsiz çıxarılıb.
Hökumət rəsmiləri bütün həlak olanların cəsədlərinin tapıldığını açıqlayıb.
Hindistan səfirliyinin açıqlaması
Vyetnamdakı Hindistan səfirliyi qayıqda olan 32 hindistanlının adlarını açıqlayıb.
Səfirlik X sosial şəbəkəsində bildirib ki, bir neçə saat əvvəl Phu Quoc adası yaxınlığında hindistanlı turistləri daşıyan qayıq batıb.
Həmçinin, Ho Şi Min şəhərindəki Hindistan Baş Konsulluğunda və Hanoidəki səfirlikdə məlumat və yardım üçün idarəetmə otaqları yaradılıb.
Hindistanın baş naziri Narendra Modi bildirib ki, turistlər özəl mobil telefon şirkətinin illik toplantısında iştirak edirdilər. O, sosial şəbəkədə yazıb ki, Hindistan səfirliyinin əməkdaşları hadisə yerindədir.
Qayıqda olanların çoxu Andhra Pradesh ştatından olan Lava Mobile şirkətinin əməkdaşları və distribyutorlardır.




