Pərakəndə Satış İqlim Dəyişikliyinin Təsirlərinə Uyğunlaşır
Son dövrdə baş verən ekstremal hava şəraiti pərakəndə satış sektorunda problemlər yaradır. Ekspertlər bu sahədə daha çevik logistika və mal ehtiyatının vacib olduğunu bildirirlər.
İsti hava dalğaları, ani daşqınlar, meşə yanğınları, quraqlıqlar, qasırğalar və tornado hallarının sayının və təsirinin artması istehlakçı tələbatını və təchizat zəncirlərini pozur. Bu isə pərakəndə satışçıların iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün kifayət qədər tədbir görməməsi ilə bağlı narahatlıqlara səbəb olur.
Pərakəndə satışçılar, xüsusilə sahilyanı şəhərlərdəki mağazalara yatırımları yenidən nəzərdən keçirməlidirlər. 2005-ci ildə Hurrican Katrina Nyu-Orleanı dağıdanda yüz minlərlə insan Hyustona üz tutmuşdu. Bu il başlayaraq 2027-ci ilə qədər El Niño qlobal temperaturu rekord səviyyələrə çatdıracaq və Sakit Okeanda isti hava daha geniş yayılacaq.
“Bu sahədə hər ay irəliləyirik” – deyə JCPenney-nin baş direktoru Mişel Vlazlo müsahibəsində bildirib. O əlavə edib ki, məqsədləri müxtəlif iqlim şəraitinə uyğun çeşidlər təklif etməkdir: "Ekstremal soyuq və ya isti havaya məruz qalan insanlar üçün yerliləşdirilmiş çeşidlərimiz var. Hava dəyişdikcə mağazaların paylanmasını da yeniləyirik. İlin bütün aylarında internet saytımızda bütün iqlimlər üçün geyim çeşidimiz mövcuddur. İyulun əvvəllərində xarici geyimlər onlayn satışda olur. Onları hələ mağazalara qoymuruq, amma il boyu mayokostyumlar, xarıcı geyimlər, paltolar və eşarplar təqdim edirik. Jcp.com xüsusi ekstremal hava hallarında da xidmət edir. Amma mallarımızı fəlakətə əsaslanaraq tənzimləmirik. Ən önəmli sualımız fəlakət vaxtı cəmiyyətə necə kömək edə biləcəyimizdir.”
Pərakəndə satışçılar hava dəyişikliklərinə çevik cavab verərək ehtiyat idarəçiliyini və qiymət endirimlərini tənzimləyirlər, deyib PwC şirkətinin tərəfdaşı, dünya miqyasında pərakəndə satış lideri Kelli Pedersen.
“Lakin çoxlarının hava məlumatlarına tam inteqrasiya olunduğunu düşünmürəm,” – o bildirib. “Hazırda çoxlu texnologiya mövcuddur ki, planlaşdırmaya hava proqnozlarını daxil etmək mümkün olsun. Geyim pərakəndə satışçıları bu sahədə başlanğıc mərhələdədir, ərzaq sektoru isə bir qədər irəlidədir. Süni intellekt proqramları daha ucuz və sürətli inkişaf etdiyindən, geyim şirkətləri bu texnologiyadan istifadə üsullarını yenidən gözdən keçirmək üçün böyük imkanlar qazanıblar.”
“Biz artıq məlumatlara əsaslanan istənilən vaxt aktiv olan istehlakçı məlumat mühərriki və ya kommersiya beyni yarada bilirik ki, trendləri qabaqcadan aşkar edib proqnozlaşdıraq,” – PwC-nin istehlak bazarları sektorunun rəhbəri Əli Furman qeyd edib. “Beş il əvvəl mövcud olmayan texnologiyalar, məsələn, proqnozlaşdırıcı bazar məlumatları və sosial media kanallarına açıq API-lər vasitəsilə trendləri izləmək mümkündür.”
Planalytics şirkətinin qlobal tərəfdaşlıqlar və ittifaqlar üzrə icraçı vitse-prezidenti Evan Qold bəyan edib ki, “ən yetkin müəssisələr iqlim və hava şəraitini sistem və proseslərində ölçür, proaktiv şəkildə nəzərə alır, dəyər yaradır və əməliyyatları təkmilləşdirir. Bəzi pərakəndə satışçılar bunu qismən edir, digərləri isə yalnız hesabat məqsədilə təsiri ölçür. Ən az yetkin olanlar isə təşkilati səviyyədə heç bir tədbir görmürlər.”
“Fərqli iqlimlərə uyğun müxtəlif geyim növlərinə hazır olmaq lazımdır. Çevik geyimlərə və qatlı geyimə üstünlük verin,” – deyə “Gap” brendinin baş direktoru Mark Breitbard bildirib. Gap sürətlə quruyan, nəfəs alan və nəm çəkən sərinləşdirici və temperatur tənzimləyici geyimlər təklif edir.
“Uniqlo” Airism kolleksiyasını təqdim edir – yüngül, hamar daxili paltarlar, futbolkalar və gündəlik geyimlər, toxunuşda sərin olan, nəmi çəkən və sürətlə quru. “Columbia Sportswear” özəl Omni-Freez Zero texnologiyasından istifadə edir. Bu texnologiya xüsusi polimer halqalarını parçaya yerləşdirir və tərlə reaksiyaya girərək bədən istiliyini azaldır. “Nike” isə Aero-Fit geyimlərində yüksək qıvrımlı iplikdən istifadə edir, nəfəs almağı yaxşılaşdırır, yapışmanı aradan qaldırır və adi idman geyimlərindən daha yaxşı hava sirkulyasiyası yaradır.
Pərakəndə satışçılar hesab edir ki, ən geniş yayılmış moda kateqoriyası olan denim il boyu istifadə edilə bilər, çünki nəfəs alır. Lakin ekstremal isti, soyuq və ya yağışlı hava şəraitində komfortlu deyil. Denim asanlıqla suyu çəkir və yavaş quruyur, bu isə nəmli və narahat hiss yaradır. Ağır denim sıx tikişdən dolayı istiliyi daha çox saxlayır.
Ekstremal hava şəraitinə uyğunlaşmaq üçün pərakəndə satışçılara tövsiyələr:
- Sərt hava şəraitində istehlakçıların tələbatını tez ödəmək üçün sürətli çatdırılma xidmətlərini təmin etmək, bu isə müştəri sədaqətini artırır. “Walmart” və “Amazon” bəzi bölgələrdə 1 saat ərzində çatdırma təqdim edir. “Target” son zamanlar çatdırılma sürətində əhəmiyyətli artımlar qeydə alıb. Son rübdə eyni gün və növbəti gün sifarişlərin sayı keçən ilə nisbətən 30 faiz artıb və onlar sürət artırma üçün investisiyalara davam edirlər.
- Təbiət fəlakətləri zamanı zəruri olmayan məhsullardan öncəlik verməmək.
- Moda pərakəndə satışçılar üçün papaq, şort, futbolka, mayokostyum, suya davamlı geyim və ayaqqabı, çəkmə, əlcək, yüngül və geniş geyimlər, kətan və torlu materiallardan hazırlanan geyimlər, küləkkeçirməzlər və eynəklərin anbarlarda hazır saxlanması.
- Kütləvi ticarətçilərin anbarlarında su, batareya, fənər, örtük, generator, kondisioner, təmir dəstləri, alətlər, qum kisələri, dəriyə qulluq vasitələri və günəşdən qoruyucu kremlərin mövcud olması vacibdir.
Əli Furman vurğulayıb ki, ABŞ-da 10-15 mil radiusda fəaliyyət göstərən böyük pərakəndə satışçılar təbii fəlakətlər zamanı, məsələn, qasırğa və daşqınlarda, tibbi yardım, ərzaq və su təminatı üçün öz dayanacaq yerlərini istifadə edirlər. Onlar qasırğa zonalarında fəlakətlərə qarşı planlaşdırma və ehtiyat saxlayır, əlavə su, fənər və digər zəruri vasitələr yığırlar. Bu sahədə böyük səylər görürlər.
Milli İqlim Dəyişikliyi Pərakəndə Federasiyası və Planalytics-in birgə hazırladığı ağ kitabda bildirilir:
“Hava analitikalarını tələbat proqnozlaşdırılması, dinamik qiymət modelləri və fərdiləşdirilmiş marketinq kampaniyalarına vaxtında daxil etməklə, pərakəndə satışçılar ehtiyat idarəçiliyini və müştəri məmnuniyyətini optimallaşdıra bilərlər. Bu yeniliklər satışçıların dəyişən hava şəraitinə sürətlə cavab verməsinə imkan verir və düzgün məhsulların doğru vaxtda mövcud olmasını təmin edir.”

WWD
What to Watch: Confronting Climate Change, What Retailers Should Do
Orijinal məqaləyə keç


