Tramp Nigeriyada İŞİD-in ikinci komandirinin öldürüldüyünü bildirdi
ABŞ prezidenti Donald Tramp Nigeriyada həyata keçirilən birgə uğurlu əməliyyat nəticəsində İŞİD terror təşkilatının ikinci komandiri Abu-Bilal əl-Minukinin öldürüldüyünü açıqlayıb. Nigeriya hökuməti də bu əməliyyatı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.
ABŞ prezidenti Donald Tramp deyib ki, Nigeriyada ABŞ və Nigeriya qüvvələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının ikinci komandiri abu-Bilal əl-Minuki öldürülüb.
Tramp bunu Truth Social platformasında paylaşaraq bildirib ki, əl-Minuki "İslam Dövləti"nin (İŞİD) qlobal səviyyədə ikinci komandanlıq mövqeyində idi.
"O, artıq Afrika xalqını terror altında saxlaya və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına kömək edə bilməyəcək," – Tramp söyləyib.
ABŞ prezidenti əl-Minukinin öldürülməsinin İŞİD-in qlobal fəaliyyəti üçün ciddi zərbə olduğunu vurğulayıb.
Tramp Nigeriya hökumətinə əməkdaşlığa görə təşəkkür edib.
Nigeriya prezidenti Bola Əhməd Tinubu isə ABŞ-Nigeriya birgə əməliyyatını terrorizmə qarşı mübarizədə effektiv əməkdaşlığın önəmli nümunəsi adlandırıb.
Tinubu X platformasında yazıb ki, Çad Gölü hövzəsində əl-Minukinin yerləşdiyi məntəqəyə edilən zərbə nəticəsində bir neçə zabiti də öldürülüb.
Nigeriyada silahlı qrupların hakim olduğu bölgələrdə tez-tez zorakılıq halları baş verir. Tramp ötən dövrdə Nigeriyadakı müsəlman militantların xristianlara təzyiq göstərməsi barədə ittihamlar irəli sürmüş, lakin Nigeriya hakimiyyəti bunu təkzad etmişdi.
ABŞ prezidentinin iddialarından sonra dekabrın 25-də ABŞ Şimal-Qərbi Nigeriya ərazilərində müsəlman əsaslı bazalara zərbələr endirmişdi.
Nigeriyada Boko Haram və Qərbi Afrika İslam Dövləti daxil olmaqla bir neçə silahlı militant qrupların fəaliyyəti müşahidə olunur.



