ABŞ Paramount və Warner Bros birləşməsini təsdiqləyib
ABŞ Ədliyyə Nazirliyi Paramount-un Warner Bros. Discovery-ni 110 milyard dollar dəyərində satın almasını dəyişiklik olmadan təsdiqləyib. Birləşmənin istehlakçılar və əmək bazarına fayda gətirəcəyi vurğulanır.
ABŞ Ədliyyə Nazirliyi Paramount-un Warner Bros. Discovery-ni satın alma əməliyyatını cümə günü heç bir dəyişiklik etmədən təsdiqləyib. Rəsmilər səkkiz ay davam edən araşdırma nəticəsində antimonopol tənzimləyicilərin iki keçmiş rəqibin bu böyük birləşməsinin istehlakçılar üçün zərərli olduğuna dair dəlil tapmadığını açıqlayıb.
Ədliyyə Nazirliyi bildirib ki, Paramount-un Warner Bros.-u ələ keçirməsi media və əyləncə sektorunda rəqabəti artıraraq amerikalı istehlakçı və işçilər üçün faydalı olacaq.
Paramount iddia edir ki, yeni qurulacaq media şirkəti HBO Max və Paramount+ axın kitabxanalarını birləşdirərək istifadəçilərə daha çox dəyər təqdim edəcək. Həmçinin, bu birləşmə Disney+ və Netflix kimi digər axın platformalarına əlavə təzyiq yaradacaq.
Birləşmənin əleyhdarları nə deyir?
Çoxsaylı Hollivud rejissorları və aktyorları isə sənayedə gücün daha da konsolidasiyasının simptomu olaraq bu birləşməyə qarşı çıxır. Onların fikrincə, ABŞ əyləncə sənayesi artıq bir neçə iri şirkətin əlindədir.
Azad söz müdafiəçiləri Paramount-un keçmiş ABŞ prezidenti Donald Tramp administrasiyası ilə əlaqələrinə diqqət çəkir. Paramount Skydance şirkətinin rəhbəri texnologiya nəhəngi Lerri Elisondun oğlu Devid Elisondur. Lerri Elison dünya üzrə ən zəngin şəxslərdən biridir və Donald Trampın yaxın müttəfiqidir.
Şirkət Tramp administrasiyasının yüksək səviyyəli antimonopol rəsmisini və Ağ Ev hüquqşünasını işə götürüb.
Paramount-Warner Bros. birləşməsi məhkəmədə dayandırıla bilərmi?
Warner Bros.-un alınması Paramount-a ABŞ-dakı beynəlxalq yayımlayıcı CNN-in sahibi olmaq imkanı verəcək. CNN tez-tez ABŞ prezidentini tənqid edən bir xəbər yayımçısıdır.
Paramount artıq başqa bir böyük ABŞ xəbər yayımçısı CBS-nin sahibidir. Bu şirkətin rəhbəri Bari Vaysdir. Vays Trampın lehinə yayıma təsir etməkdə ittiham olunub.
Tramplar komediyaçı Cimmi Kimmel-in işdən çıxarılmasını istəyir
ABŞ Ədliyyə Nazirliyinin razılığına baxmayaraq, birləşmə məhkəmədə də ləğv oluna bilər. Reuters agentliyinin mənbəyə istinadən yaydığı xəbərə görə, Kaliforniya, Nyu-York və bir neçə digər ştat bu razılaşmaya qarşı məhkəmə iddiası hazırlayır.
Atlantikdən o tərəfə vəziyyət
Avropa İttifaqı rəsmiləri hələ birləşməni araşdırır və qərarın iyulda veriləcəyi gözlənilir. Birləşmiş Krallığın bazar tənzimləyiciləri isə avqust ayının əvvəlinə qədər ilkin araşdırma əsasında qərar açıqlamağı planlaşdırır.




