Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
4 noyabr 2026, 09:17 · Mənbə: Report.az

Qırx dörd gün davam edən müharibədə qazanılmış Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırx dörd gün davam edən müharibədə qazanılmış Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı.
Bu sözləri "Report"a açıqlamasında deputat Rizvan Nəbiyev ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr etdiyi "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabını şərh edərkən bildirib.
Deputat vurğulayıb ki, Liam Collins və John Spencerin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının əsas dəyəri də bu hazırlığın mahiyyətini faktlarla açaraq təqdim etməsidir:
"Müəlliflər bu kitabı şəxsi hərbi təcrübə və təhlil qabiliyyətini birləşdirərək, "səhra tədqiqatı" və çoxsaylı müsahibələr əsasında yazıblar. Amerkalı mütəxəssislər Azərbaycanın qələbəsini yalnız pilotsuz uçuş aparatları və müasir silahlarla izah edən yanaşmanın çərçivəsindən çıxaraq daha geniş və çoxölçülü mənzərəni göstərirlər: dövlətin iqtisadi imkanları, siyasi iradəsi, diplomatik fəaliyyəti və hərbi hazırlığı bir-birini tamamlayıb.
Kitabın əsas tezislərindən çıxış edərək demək olar ki, Qarabağ Zəfəri Azərbaycanın milli gücünün qələbəsi idi. Döyüş meydanında əsgər və zabitimiz vuruşurdu. Onun arxasında isə illərlə güclənən dövlət, ordusuna inanan cəmiyyət, aydın siyasi məqsəd və lider strategiyası dayanırdı. Prezident İlham Əliyevin strateji rəhbərliyinin əhəmiyyəti bütün bu imkanları ərazi bütövlüyünün bərpasına yönəltməsində idi".
R.Nəbiyev qeyd edib ki, bu prosesin iqtisadi tərəfi xüsusi diqqətə layiqdir: "Azərbaycanın iqtisadi potensialının hərbi gücə çevrilməsini rəqəmlər də aydın göstərir. 1994-cü ildə, Birinci Qarabağ müharibəsində atəşkəs əldə olunarkən Azərbaycanın ümumi daxili məhsulu cari qiymətlərlə təxminən 1,2 milyard ABŞ dolları təşkil edirdi. 2020-ci ildə isə bu göstərici 42,7 milyard dollara çatmışdı. Müqayisə üçün, Ermənistanın ÜDM-i həmin illərdə müvafiq olaraq təxminən 1,3 milyard və 12,6 milyard dollar olmuşdu. Beləliklə, 1994-cü ildə iqtisadiyyatlarının nominal həcmi bir-birinə yaxın olan iki ölkə arasında 2020-ci ildə Azərbaycanın xeyrinə təxminən 3,4 dəfə fərq yaranmışdı.
Bu fərq müdafiə imkanlarında da özünü göstərirdi. SIPRI-nin məlumatına görə, 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 2,238 milyard dollar, Ermənistanınkı isə 634 milyon dollar təşkil etmişdi. Azərbaycanın hərbi xərcləri Ermənistanın göstəricisini təxminən 3,5 dəfə üstələyirdi. Bu vəsait ordunun təchizatı, hazırlığı və döyüş qabiliyyətinin gücləndirilməsi üçün daha geniş imkanlar yaradırdı.
Bu müqayisə təbii sərvətlərin və iqtisadi imkanların məqsədyönlü dövlət siyasəti vasitəsilə hərbi-iqtisadi gücə çevrilməsinin əhəmiyyətini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji nəticəsi ölkənin artan imkanlarının uzunmüddətli ordu quruculuğuna yönəldilməsi idi. Collins və Spencerin tədqiqatında vurğulanan milli güc yanaşması da məhz bu əlaqəni anlamağa kömək edir: iqtisadi resurslar, siyasi rəhbərlik, hərbi hazırlıq və Azərbaycan əsgərinin peşəkarlığı birlikdə qələbənin əsasını formalaşdırmışdı".
Onun sözlərinə görə, müharibəyə hazır olmaq ordunun uzunmüddətli ehtiyaclarını qarşılamaq, təchizatı yeniləmək, şəxsi heyəti hazırlamaq və döyüş zamanı təminatın davamlılığını qorumaq deməkdir: "Bunların hər biri güclü maliyyə bazası tələb edir. 2020-ci ilə qədər həyata keçirilən enerji və infrastruktur layihələri, artan dövlət gəlirləri Azərbaycanın müdafiə imkanlarını genişləndirdi.
Lakin sərvətin mövcudluğu öz-özlüyündə hərbi uğura təminat vermir. Əsas məsələ həmin sərvətdən necə istifadə olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi imkanların ordu quruculuğuna yönəldilməsi ardıcıl dövlət siyasətinə çevrildi. Müasir silahların alınması, hərbi infrastrukturun inkişafı, təlimlərin təşkili və şəxsi heyətin hazırlığı bir-biri ilə bağlı vəzifələr kimi həyata keçirildi. İqtisadi potensial bu yolla real müdafiə qabiliyyətinə çevrilirdi.
Strategiyanın siyasi mahiyyəti isə məqsədin aydınlığında və ona çatmaq üçün göstərilən ardıcıllıqda idi. Ərazi bütövlüyünün bərpası illər boyu Prezident İlham Əliyevin strateji rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas prioriteti olaraq qaldı.
Dəyişən beynəlxalq şəraitdə bu məqsədi qorumaq, imkanları artırmaq və riskləri qiymətləndirmək siyasi səbr və iradə tələb edirdi.
Prezident İlham Əliyevin yanaşmasında uzunmüddətli hazırlıqla zəruri anda qətiyyətli qərar qəbul etmək bacarığı birləşirdi. Burada diplomatiyanın rolunu da ayrıca vurğulamaq lazımdır. Azərbaycan münaqişəyə dair mövqeyini beynəlxalq təşkilatlarda müdafiə edir, ikitərəfli əlaqələrini genişləndirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qururdu. Bu fəaliyyətin əhəmiyyəti təkcə danışıqlar masasında əldə olunan nəticələrlə ölçülmürdü. Ölkənin mövqeyinin tanıdılması, tərəfdaşların maraqlarının nəzərə alınması və beynəlxalq əlaqələrin qorunması da dövlətin fəaliyyət imkanlarını artırırdı".
R.Nəbiyev vurğulayıb ki, müharibə dövründə Prezident İlham Əliyevin xarici mediaya müsahibələri həmin diplomatik fəaliyyətin davamı oldu: "Azərbaycanın məqsədlərinin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması, suallara və ittihamlara cavab verilməsi informasiya mübarizəsinin mühüm hissəsini təşkil edirdi. Cəbhədə baş verənlərin siyasi mənasının izahı da hərbi əməliyyatlarla yanaşı aparılırdı. Bu, dövlət rəhbərinin həm ölkə daxilində ictimai inamın qorunmasında, həm də xarici auditoriya ilə ünsiyyətdə rolunu göstərirdi.
Hərbi hazırlıq baxımından kitabın üzərində düşünməyə sövq etdiyi əsas məsələ silahla ondan istifadə bacarığı arasındakı əlaqədir. Müasir texnikaya sahib olmaq vacibdir. Onu digər vasitələrlə uyğunlaşdırmaq, düzgün zamanda və düzgün istiqamətdə tətbiq etmək isə ayrıca peşəkarlıq tələb edir. Azərbaycanın üstünlüyü texnologiyanın təlim, planlaşdırma və idarəetmə ilə birləşdirilməsində idi.
Müəlliflərin Hadrut döyüşlərinə dair araşdırması bu baxımdan əhəmiyyətlidir. Burada xüsusi təyinatlıların hazırlığı, onların digər bölmələrlə birgə fəaliyyəti və mürəkkəb relyefdən istifadə bacarığı önə çıxır. Şəhər döyüşlərinə hazırlığın hələ 2014-cü ildən aparıldığının qeyd olunması da mühüm məqamdır. Döyüş meydanında görünən çevikliyin arxasında illərlə keçirilmiş təlimlər və qazanılmış vərdişlər dayanırdı.
Oxşar xəbərlər


Siyasət
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46