Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb - YENİLƏNİB-3
2 oktyabr 2026, 12:15 · Mənbə: Report.az

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si oğlan, 4-ü qızdır.
Onlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Müxbir: Sevil Seymur
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.
"Report"a xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb: "Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub".
Sumqayıtda 36 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin evdən gətirilmiş qənnadı məmulatından zəhərləndiyi iddia edilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib:
"Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
"Report"un yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Oxşar xəbərlər

Ölkə
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Report.az · 17 oktyabr 2026, 14:47



Ölkə
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Report.az · 17 oktyabr 2026, 09:47