Qəzzada atəşkəsdən sonra ölənlərin sayı 1000-dən çoxdur
ABŞ vasitəçiliyi ilə əldə olunan Qəzza atəşkəsindən sonra 1000-dən çox adam həyatını itirib. Humanitar vəziyyət hələ də kritik olaraq qalır.
ABŞ vasitəsi ilə əldə olunan oktyabr atəşkəsi razılaşmasından sonra Qəzzada min nəfərdən çox adam həyatını itirib. Mühasirədə olan bölgədə humanitar vəziyyət ağırdır.
Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü açıqlayıb ki, İsrailin Qəzzaya qarşı hücumları səbəbindən razılaşmadan sonra 1 005 fələstinli ölüb.
Tibb Yardımı üçün Fələstin təşkilatının Qəzza direktoru Fikr Şaltut deyib: "Qəzza yeni bir faciə ilə üzləşdiyi üçün kədərlənirik... Ən pis günlər keçib demək olmaz, minlərlə insan hələ də sevdiklərini dəfn edir."
Atəşkəs əsas döyüşləri dayandırsa da, İsrail əsgərlərinin Qəzzadan çıxması və Hamasın silahsızlanmasını nəzərdə tutan razılaşmanın ikinci mərhələsi hələ icra olunmayıb.
Oktyabrdan bəri İsrail Fələstin torpaqlarında mövqelərini möhkəmləndirib və razılaşmada nəzərdə tutulmuş 53 faizdən fərqli olaraq indi Qəzza Zolağının 64 faizini nəzarətdə saxlayır.
Beynəlxalq Humanitar Əməliyyatların İdarə Olunması üzrə BMT Ofisinin məlumatına görə, ötən cümə axşamı İsrail qüvvələri "Sarı Xətt"i qərbə doğru genişləndirib. Bunun nəticəsində Qəzzanın şərqində çoxsaylı ailələr məcburi köçürülüb.
Bu ayın əvvəllərində Hamasın siyasi bürosunun üzvü Hüsam Badran Al-Cəzirəyə açıqlamasında bildirib ki, qrup silahlarını hələ təhvil verməyəcək və hərbi arsenalın taleyi digər fələstinli qruplarla aparılacaq geniş müzakirələrdən sonra müəyyən ediləcək.
Atəşkəs həmçinin Qəzzanın yenidən qurulması və səhiyyə sisteminin bərpası üçün imkan yaratmalı idi.
BMT-nin məlumatına görə, hazırda mühasirədə olan bölgədə 37 xəstəxanadan yalnız 20-si qismən işləkdir və tam fəaliyyətdə olan xəstəxana yoxdur.
Fikr Şaltut vurğulayıb: "Bombalar düşməyə davam etdiyi və Qəzza demək olar ki, tam mühasirədə qaldığı halda, dünya liderləri iddia edirlər ki, kağız parçası məsuliyyət əvəzi ola, blokadanı qaldıra və dərmanların ehtiyacı olan insanlara çatmasını təmin edə bilər."
O əlavə edib: "Üstəlik, Qəzzaya giriş hələ də ciddi məhdudlaşdırılır və yardım aclıqla üzləşən əhaliyə qarşı silah kimi istifadə edilir, amma onların susqunluğu davam edir."
İsrailin oktyabrın 23-də başladığı Qəzzaya qarşı müharibə nəticəsində 73 mindən çox şəxs həlak olub. Ərazinin böyük hissəsi dağılıb və təxminən 1,9 milyon adam yerlərindən didərgin düşüb.
Al Jazeera
Death toll in Gaza since ‘ceasefire’ with Israel goes past 1,000
Orijinal məqaləyə keç


