TopXəbər

Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb

26 oktyabr 2026, 18:48 · Mənbə: Report.az

Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 004 yeni iş yeri açılıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 004 yeni iş yeri açılıb.

"Report"un yerli bürosu bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 371 iş yeri və ya 59 % çoxdur.

Yeni açılan iş yerlərinin əksəriyyəti özəl sektorda təşkil edilib. Belə ki, yaradılan iş yerlərinin 697-si, yəni 69 %-i qeyri-dövlət sektorunun, 307-si (31 %-i) isə dövlət sektorunun payına düşüb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlamış 117 müəssisə və təşkilatda, qalan 152-si isə artıq mövcud olan 31 müəssisədə yaradılıb.

"Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada iqtisadiyyatın özəl sektorunda yaradılan yeni iş yerlərinin sayının dövlət sektorundakı analoji göstəricini 2 dəfədən artıq üstələməsi sahibkarlıq fəaliyyətinin əhalinin iş təminatına ciddi töhfə verdiyini sübut edir. Kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və istehsal imkanlarının genişləndirilməsi muxtar respublikada məşğulluğun davamlı artımının əsas amillərindən hesab olunur. İş yerlərinin sayındakı artımda yeni istehsal və emal müəssisələrinin işə başlaması, tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin müxtəlif sahələrə yönləndirilən investisiya həcminin yüksəlməsi həlledici rol oynayıb", - məlumatda deyilir.

Bununla yanaşı, sosial və infrastruktur layihələri çərçivəsində "Naxçıvan Regional Dost Mərkəzi"nin fəaliyyətə başlaması nəticəsində 43, "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətində isə 223 iş yerinin açılması da ümumi göstəricilərə müsbət təsir göstərib. Bundan əlavə, Özünüməşğulluq Proqramı çərçivəsində muxtar respublikada aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2026-cı ilin 9 ayında öz kiçik biznesini qurmağa maraqlı olan 114 işsiz vətəndaşa aktivlər təqdim olunub. Onlardan 94 nəfəri kənd təsərrüfatı (50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq) və 20 nəfəri isə istehsal-xidmət sahələri üzrə fəaliyyət göstərmək üçün əmlakla təmin edilib.

Bildirilir ki, bu ilin sonunadək Proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması planlaşdırılır.