Fransa və Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Fransanın donanması Böyük Britaniyanın dəstəyi ilə Rusiyanın sanksiyalardan yayınmaqda şübhəli bilinən neft tankerini Atlantik okeanında saxlayıb. Tanker saxta Kamerun bayrağı dalğalandırıb.
Fransanın donanması Böyük Britaniyanın dəstəyi ilə Rusiyanın sanksiyaları pozan «kölgə donanması»na aid olduğu ehtimal edilən neft tankerini saxlayıb.
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi X platformasında etdiyi paylaşımda «Tagor»un bazar günü Atlantik okeanında saxlanıldığını bildirib.
Postda helikopterdən gəminin üzərinə enən şəxsin görüntüsü yerləşdirilib.
Makron «Beynəlxalq sanksiyalardan yayınmaq, dəniz hüququnu pozmaq və Rusiyanın Ukraynaya qarşı dörd ildən artıqdır davam edən müharibəni maliyyələşdirməsi qəbuledilməzdir,» deyib.
O əlavə edib: «Dəniz naviqasiyasının ən elementar qaydalarına əməl etməyən bu gəmilər həm ətraf mühit, həm də hər kəsin təhlükəsizliyi üçün təhdiddir.»
Fransız rəsmilərin məlumatına görə, tanker Şimal-Qərbi Rusiyanın Murmansk şəhərindən yola çıxıb.
Dəniz prefekturası bildirir ki, gəmidə saxta Kamerun bayrağı dalğalanırdı və Limbe şəhərinə istiqamətlənmişdi.
Atlantik dəniz prefekturasının sözçüsü Giyom Le Rasl deyib ki, tanker həm Avropa İttifaqı, həm də ABŞ sanksiyaları altındadır.
O bildirib: «Bu gəmi tanınır və izlənilirdi. Yönünü dəyişmək qərarı bazar günü axşam qəbul edildi. Məqsəd bayrağının düzgünlüyünü yoxlamaq idi.»
Həmçinin, gəminin tez-tez bayraq dəyişdirdiyini və yoxlanıldığı zaman “demək olar ki, boş” olduğunu əlavə edib.
MarineTraffic izləyicisinə görə, tanker son dəfə avtomatik identifikasiya sistemindən ötən həftə siqnal verib. O, Norveç sahilləri yaxınlığında Madaqaskar bayrağı altında hərəkət edirdi.
Atlantik dəniz prefekturası açıqlayıb ki, saxlanma Böyük Britaniyanın Bretan sahillərindən 400 dəniz mili (740 km) qərbdə baş verib.
Rusiya 'kölgə donanması'
Neft gəlirləri Rusiyanın iqtisadiyyatında əsas yer tutur və Ukraynadakı müharibənin xərclərini qarşılamağa kömək edir.
Rusiyanın yüzlərlə gəmidən ibarət donanma vasitəsilə müharibəyə görə tətbiq olunan beynəlxalq sanksiyalardan yayınmağa çalışdığı bildirilir.
Fransa və digər ölkələr sanksiyalardan yayınan «kölgə donanması»na qarşı sərt tədbirlər görəcəklərini açıqlayıblar.
Sentyabr ayından bəri Fransa donanması üç başqa gəmiyə də baxıb, lakin sahibləri cərimə ödədikdən sonra gəmilər buraxılıb.
Sentyabrda Fransa donanması Benin bayrağı altında olduğunu iddia edən «Borakay» gəmisini yoxlayıb. Çinli kapitan onun əvəzində məhkəmədə mühakimə olunub. Martda Fransada onun barəsində həbs qərarı və bir illik azadlıqdan məhrumetmə cəzası verilib.
Yanvarda Fransa qüvvələri başqa bir şübhəli Rus tankeri olan «Qrinç»i ələ keçirib, martda isə Murmanskdən Mozambik bayrağı altında yola çıxan «Deyna» Marsel limanında saxlanıb.
Apreldə Fransa bayraq dalğalandırmayan və ya tələblərə əməl etməyən gəmilərə tətbiq edilən cərimələri iki dəfə artırmağı planlaşdırdığını açıqlayıb.
Bir neçə Qərb ölkəsi Rusiyanın 2022-ci ildəki tammiqyaslı işğalı ilə əlaqədar gəmlərinə sanksiyalar tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin isə Rusiyayla əlaqəli gəmilərin saxlanmasını «dələduzluq» adlandırıb.
Al Jazeera
French navy, backed by the UK, intercepts Russian oil tanker
Orijinal məqaləyə keç


