TopXəbər

Dünya Bankı qlobal qeyri-müəyyənlikdə Azərbaycanda iqtisadi dayanıqlığı qiymətləndirib

6 oktyabr 2026, 13:15 · Mənbə: Report.az

Dünya Bankı qlobal qeyri-müəyyənlikdə Azərbaycanda iqtisadi dayanıqlığı qiymətləndirib

Azərbaycan iqtisadiyyatı qlobal və regional qeyri-sabitliyin yeni mərhələsinə əhəmiyyətli dayanıqlılıq ehtiyatı ilə daxil olub. Bununla belə, ölkə inflyasiya təzyiqi ilə üzləşir və qarşısında iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək vəzifəsi dayanır.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan iqtisadiyyatı qlobal və regional qeyri-sabitliyin yeni mərhələsinə əhəmiyyətli dayanıqlılıq ehtiyatı ilə daxil olub. Bununla belə, ölkə inflyasiya təzyiqi ilə üzləşir və qarşısında iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək vəzifəsi dayanır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Gi-Dibi (Steve Loris Gui-Diby) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində deyib.

"Bütün region tarif siyasəti və geosiyasi qeyri-sabitliklə şərtlənən mürəkkəb dövr yaşayır. Regionda ÜDM-in artım tempi 2,6 %-dən 2,1-2,2 %-ə düşüb. Bununla belə, Azərbaycan bu mərhələyə daha möhkəm mövqedən daxil olub. Buna əhəmiyyətli fiskal və xarici ehtiyatlar, dövlət borcunun aşağı səviyyədə olması və sabit beynəlxalq ehtiyatlar imkan verib", - S. L. Gi-Dibi bildirib.

Onun qiymətləndirməsinə görə, ölkə üçün əsas problem hələ də idxal inflyasiyasının artmasıdır.

"Azərbaycan əhəmiyyətli həcmdə mal idxal edir, bu da daxili qiymət səviyyəsinə təzyiq göstərir. Bu isə, bank sektorunda kredit dərəcələrinin artmasına gətirib çıxarır, çünki maliyyə institutları riskləri nəzərə alır və borcalanlar üçün şərtləri sərtləşdirir", - Dünya Bankı nümayəndəsi vurğulayıb.

Bankın iqtisadçısı qeyd edib ki, strateji perspektivdə Azərbaycan üçün əsas prioritet iqtisadiyyatın sürətli şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına dəstək verilməsidir.