TəciliFinlandiya baş naziri Kiyevə səfər edir, Rusiya hücumları artırır

TopXəbər

ABİF sahibkarlar üçün mikrokreditlər təklif etməyə başlayıb

22 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

ABİF sahibkarlar üçün mikrokreditlər təklif etməyə başlayıb

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə kiçik maliyyə vəsaitinə ehtiyacı olan sahibkarlar üçün mikrokredit məhsulunu təqdim edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə kiçik maliyyə vəsaitinə ehtiyacı olan sahibkarlar üçün mikrokredit məhsulunu təqdim edib.

"Report" Fonda istinadən xəbər verir ki, məhsul layihənin məqsədinə, fəaliyyət sahəsinə və maliyyə ehtiyacına uyğun seçilir.

Mikrokreditlər 15 min manatdan 50 min manata qədər məbləğdə, 60 aya qədər təqdim olunur. Güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyən edilir. Kredit məbləğinin 50 %-ə qədər hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər. Kredit üzrə illik faiz dərəcəsi layihənin fəaliyyət sahəsindən asılı olaraq əsas əhəmiyyətli sahələrdə 7 %-ə qədər, digər əhəmiyyətli sahələrdə isə 8 %-ə qədər təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kreditin aşağı həddi 10 min manatdır və illik faiz dərəcəsi 5 % təşkil edir.

Məhsulun əsas üstünlüyü investisiya və əməliyyat xərclərinin vahid kredit çərçivəsində maliyyələşdirilməsinə imkan verməsidir. Bu, sahibkarlara layihələrinin həyata keçirilməsi və cari fəaliyyətlərinin maliyyələşdirilməsi üçün çevik imkan yaradır.

Güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri üzrə əsas əhəmiyyətli sahələrə qeyri-neft sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, strateji logistika, təchizat zənciri infrastrukturu aiddir. Digər əhəmiyyətli sahələrə əsas siyahıya daxil edilməyən digər qeyri-neft sənayesi layihələri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma, saxlama və ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmət infrastrukturu, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər, eləcə də digər xidmət və kommersiya infrastrukturu daxildir.

ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. O, həmçinin, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.