TopXəbər

Suriya Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsinin tikintisinə başlayıb

29 sentyabr 2026, 16:46 · Mənbə: Anadolu Ajansı · 2 mənbə yazır

Suriya Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsinin tikintisinə başlayıb

Suriya hökuməti 2012-ci ildə bağlanan Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsinin yenidən qurulması üçün işlərə start verib.

Anadolu Ajansı yazır ki, Suriya Dövlət Sərhəd Keçidləri və Gömrük İdarəsinin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Müdiri Mazin Alluş bildirib ki, Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsində qazıntı, düzəltmə və texniki hazırlıq işləri başlayıb.

Alluş qeyd edib ki, bu işlər sərhəd keçid məntəqəsinin infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı geniş planın tərkib hissəsidir və layihə mərhələ-mərhələ reallaşdırılacaq.

O bildirib ki, bu sərhəd keçid məntəqəsi Suriya ilə Türkiyə arasındakı yeddinci sərhəd keçid məntəqəsi olacaq.

İlkin mərhələdə idxal-ixrac yük məntəqələri, tranzit daşımalar üçün yerlər və başqa obyektlər tikiləcək. Buraya sərhəd keçid məntəqəsinin idarəetmə binası, sərnişin zalları, gömrük birimləri və personal üçün yaşayış binaları daxildir.

Sərhəd keçid məntəqəsinin sahəsi təxminən 558 min kvadratmetr olacaq və əsas infrastrukturunun yaradılması planlaşdırılır.

Mazin Alluş vurğulayıb ki, bu layihə ticarət dövriyyəsinin artırılması, iqtisadiyyatın dəstəklənməsi və tranzit daşımaların təşviqi baxımından vacibdir. Həmçinin, mövcud sərhəd keçidlərindəki yüklənməni azaldacaq, insan və yük daşımalarının məsafə və keçid vaxtını qısaldacaq.

Kamışlı-Nusaybin sərhəd keçid məntəqəsi Suriya vətəndaş müharibəsinin başlanması səbəbindən 2012-ci ildə bağlanmışdı.