Qlobal İnnovasiya İndeksi – 2026 dərc edilib
30 sentyabr 2026, 09:15 · Mənbə: Report.az

2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) "Elmin qabaqcıl sahələrində texnoloji sahibkarlığın dəstəklənməsi" adı altında dərc edilib. Hesabat elmi kəşflərin elmtutumlu startaplara və törəmə şirkətlərə (spin-off) çevrilməsi prosesinin təhlilini əhatə edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ardıcıl olaraq 19-cu nəşri olan Qİİ 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsində güclü və zəif tərəflərini nümayiş etdirir. 2007-ci ildən etibarən Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, innovasiya siyasətinin təkmilləşdirilməsi və onun səmərəli
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) "Elmin qabaqcıl sahələrində texnoloji sahibkarlığın dəstəklənməsi" adı altında dərc edilib. Hesabat elmi kəşflərin elmtutumlu startaplara və törəmə şirkətlərə (spin-off) çevrilməsi prosesinin təhlilini əhatə edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ardıcıl olaraq 19-cu nəşri olan Qİİ 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsində güclü və zəif tərəflərini nümayiş etdirir. 2007-ci ildən etibarən Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, innovasiya siyasətinin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından mühüm istinad və analitik vasitə kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qİİ-ni davamlı inkişaf məqsədləri naminə elm, texnologiya və innovasiya siyasəti kontekstində innovasiyaların ölçülməsi üzrə müqayisəli təhlilin nüfuzlu aləti kimi qəbul edir.
2026-cı il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialını, nəticəliliyini və institusional-çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında formalaşdırılıb. Təhlil olunan indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazarın və biznesin inkişafı, infrastruktur və digər istiqamətlərədək geniş məlumat spektrini əhatə edir. Qİİ-nin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün imkan yaratmaqdır.
2026-cı il üzrə Qİİ reytinqində İsveçrə birinci, İsveç, Amerika Birləşmiş Ştatları, Koreya və Sinqapur isə müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb. Ən innovativ on ölkə sırasına, həmçinin Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka və Çin daxildir.
Postsovet məkanının ölkələri arasında ən yüksək göstəricilər Estoniyaya – 17-ci, Litvaya – 32-ci və Latviyaya – 40-cı yerlərə məxsusdur. Rusiya 58-ci yerdədir. Azərbaycan isə 2026-cı il reytinqində 85-ci yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.
Bununla yanaşı, qeyd edilməlidir ki, 2025-ci ildə Azərbaycan statistik etimad intervalına uyğun olaraq 86–103-cü yerlər arasında qərarlaşan ölkələr qrupuna daxil olduğu halda, 2026-cı ildə 79–95-ci yerlər arasında yerləşən ölkələr qrupunda yer alıb.
2026-cı il Qİİ reytinqi iki nəticəaltı indeksə daxil olan innovasiya fəaliyyətinin 7 indikator qrupundan ibarətdir: "innovasiya resursları" və "innovasiya nəticələri".
"İnnovasiya resursları" nəticəaltı indeksi
"İnnovasiya resursları" nəticəaltı indeksi milli iqtisadiyyatın innovasiya proseslərinin həyata keçirildiyi elementlərini qiymətləndirir və beş qrup üzrə təsnif edilir:
1. institutlar;
2. insan kapitalı və tədqiqatlar;
3. infrastruktur;
4. bazarın inkişaf səviyyəsi;
5. biznesin inkişaf səviyyəsi.
"İnnovasiya nəticələri" nəticəaltı indeksi
"İnnovasiya nəticələri" nəticəaltı indeksi innovasiya fəaliyyətinin faktiki nəticələrini iki qrup üzrə əks etdirir:
6. bilik və texnologiya nəticələri;
7. yaradıcı fəaliyyət nəticələri.
"İnnovasiya resursları" nəticəaltı indeksi innovasiya fəaliyyəti üçün əlverişli şəraitin səviyyəsini əks etdirirsə, "innovasiya nəticələri" nəticəaltı indeksi bu sahədə əldə edilmiş nəticələri xarakterizə edir. Bu nəticəaltı indeksin göstəricisi nə qədər yüksəkdirsə, innovasiya imkanlarından bir o qədər tam və səmərəli istifadə edildiyi hesab olunur.
Qİİ üzrə 2025 və 2026-cı illər üçün indikator bloklarının müqayisəsi
Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin ekspertləri aşağıdakı indikatorları qeyd edirlər:
"İnstitutlar" bloku üzrə – 3 indikator:
· sahibkarlıq siyasəti və mədəniyyəti;
· biznes siyasətinin sabitliyi;
· biznesin əməliyyat sabitliyi.
"İnsan kapitalı və tədqiqatlar" bloku üzrə – 2 indikator:
· orta məktəbdə şagird-müəllim nisbəti;
· elm və texnika sahələri üzrə məzunlar.
"Biznesin inkişaf səviyyəsi" bloku üzrə – 2 indikator:
· klasterlərin inkişaf vəziyyəti;
· universitetlərlə sənaye arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) sahəsində əməkdaşlıq.
"Bilik və texnologiyaların yayılması" bloku üzrə – 2 indikator:
· elmi-texniki məqalələr;
· mənşə üzrə patentlər.
"Bazarın inkişaf səviyyəsi" bloku üzrə – 1 indikator:
· startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi.
Beləliklə, reytinqin müəllifləri Azərbaycanın güclü tərəfləri sırasında 2-ci yerdən 56-cı yerədək mövqelərdə qərarlaşan 10 indikatoru müəyyən ediblər. Qeyd edilməlidir ki, III "İnfrastruktur" və VII "Yaradıcı fəaliyyət nəticələri" bloklarında ölkənin güclü tərəflərini əks etdirən indikator müəyyən edilməmişdir.
Qİİ-nin ekspertləri Azərbaycanın gücləndirilməli tərəfləri sırasında aşağıdakı indikatorları qeyd edirlər: ETTKİ-yə investisiya yatıran qlobal korporativ investorlar; startapların yaradılması; bazar kapitallaşması; elmi kadrlar; biznes tərəfindən həyata keçirilən ETTKİ; milli bədii filmlər; universitet-sənaye və beynəlxalq əməkdaşlıq; vençur kapitalının əldə edilməsi; yaradıcı məhsulların ixracı; birbaşa xarici investisiyaların xalis daxilolması.
İnnovasiya resursları
2026-cı ildə Azərbaycanın "innovasiya resursları" nəticəaltı indeksi 65-ci yerdə qərarlaşmış və əvvəlki illə müqayisədə 11 pillə irəliləyib. Bu, 2020-ci ildən etibarən qeydə alınan ən yüksək göstəricidir. Sözügedən dövr ərzində yalnız 2021-ci ildə "innovasiya resursları" nəticəaltı indeksi 74-cü yeri tutub.
Eyni zamanda, "innovasiya resursları" nəticəaltı indeksinə daxil olan beş blok arasında "İnstitutlar" – 36-cı, "Bazarın inkişaf səviyyəsi" – 63-cü yerləri tutub. Hər iki blokun mövqeyi bütövlükdə "innovasiya resursları" nəticəaltı indeksinin 65-ci mövqeyindən daha yüksəkdir.
"İnnovasiya resursları" nəticəaltı indeksi üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (68), Rusiyanı (71), Qazaxıstanı (73), Ermənistanı (77), Ukraynanı (78), Moldovanı (94), Belarusiyanı (98), Qırğızıstanı (106) və Tacikistanı (113) qabaqlayır.
İnstitutlar
"İnnovasiya resursları" nəticəaltı indeksinin tərkibində dövlət idarəetmə orqanlarının rolunu əks etdirən "İnstitutlar" bloku 36-cı yerdə qərarlaşıb və mövqeyini 5 pillə yaxşılaşdırıb.
"İnstitutlar" bloku üzrə Azərbaycan postsovet məkanında Gürcüstanı (37), Latviyanı (43), Özbəkistanı (57), Qazaxıstanı (75), Ermənistanı (78), Moldovanı (88), Tacikistanı (96), Ukraynanı (111), Qırğızıstanı (116), Rusiyanı (127) və Belarusiyanı (134) qabaqlayır.
Oxşar xəbərlər

Texnologiya
Meta tovdalama və süni intellekt təlimi üçün narahatlıq yaradan ifadəni silir
TechCrunch · 18 oktyabr 2026, 01:47

Texnologiya
Anthropic işçilərinin gənclik səviyyəsi azalıb, görüşlərdə vaxt artır
TechCrunch · 18 oktyabr 2026, 00:47

