TopXəbər

İlon Mask respublikaçılara yardımda Corc Sorosu geridə qoyub

23 oktyabr 2026, 07:46 · Mənbə: Report.az

İlon Mask respublikaçılara yardımda Corc Sorosu geridə qoyub

Amerikalı sahibkar və dünyanın ən varlı şəxsi İlon Mask ABŞ Konqresinə aralıq seçkilər çərçivəsində Respublikaçılar Partiyasının seçki kampaniyasına 445 milyon dollardan çox vəsait ayırıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Amerikalı sahibkar və dünyanın ən varlı şəxsi İlon Mask ABŞ Konqresinə aralıq seçkilər çərçivəsində Respublikaçılar Partiyasının seçki kampaniyasına 445 milyon dollardan çox vəsait ayırıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Belə ki, bu ianə Maskı hazırkı seçki dövrünün ən böyük siyasi donoru edib. O, demokratların əsas maliyyə dəstəkçisi, milyarder Corc Sorosu da geridə qoyub.

"Bloomberg" yazır ki, qarşıdakı seçkilərin nəticəsi Mask üçün böyük əhəmiyyət daşıyır. Demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ keçirsələr, qanunvericilərin diqqəti Maskın ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) rəhbərlik etdiyi dövrdəki fəaliyyətinə yönələ bilər.

Bundan başqa, onun rəhbərlik etdiyi "SpaceX", "Tesla" və "Neuralink" şirkətlərinin fəaliyyəti federal tənzimləyici qurumların siyasətindən əhəmiyyətli dərəcədə asılıdır.

Daha əvvəl "The New York Times" qəzeti iyulun əvvəlindən etibarən Maskın aralıq seçkiləri ərəfəsində respublikaçılara dəstək üçün 276 milyon dollardan çox vəsait köçürdüyünü yazmışdı.

ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın bir sıra üzvləri seçiləcək. Sorğular demokratların Nümayəndələr Palatasında nəzarəti yenidən ələ keçirə biləcəyini göstərir. Senatda isə kimin üstünlük qazanacağı hələlik qeyri-müəyyən olaraq qalır.