Fransa və Almaniya birgə döyüş təyyarəsi layihəsini dayandırdı
Fransa və Almaniya birgə işlədiyi gələcək döyüş təyyarəsi layihəsini sənaye tərəfdaşlarının razılığa gələ bilməməsi səbəbindən dayandırıb. Hər iki ölkənin müdafiə nazirlikləri mövcud imkanlarla əməkdaşlığı davam etdirməyi planlaşdırır.
2017-ci ildə başlanmış Gələcək Döyüş Hava Sistemi (FCAS) proqramı Fransa "Rafale" təyyarələrini və Almaniya ilə İspaniyanın istifadə etdiyi "Eurofighter" təyyarələrini əvəz etmək məqsədilə nəzərdə tutulmuşdu.
Layihə Avropa ölkələrinin hərbi sahədə birgə əməkdaşlığını dərinləşdirmək və Rusiya ilə gərgin münasibətlər fonunda birgə müdafiə platforması yaratmaq məqsədini daşıyırdı.
Lakin Fransanın "Dassault Aviation" və Almaniya, İspaniyanı təmsil edən "Airbus" şirkətləri arasında çoxsaylı fikir ayrılıqları proqramın həyata keçirilməsini çətinləşdirdi.
Rəsmi şəxsin sözlərinə görə, layihənin əsas hissəsi - təyyarələr, pilotsuz uçuş aparatları və digər komponentləri inteqrasiya edən "sinir sistemi" Avropa sistemi kimi davam etdiriləcək.
Fransa və Almaniya müdafiə nazirlikləri yaxın zamanda əməkdaşlıq sahəsində "bir neçə real və aktuallığı olan layihəyə" fokuslanan plan hazırlayacaq.
"Sənaye tərəfdaşlarının əməkdaşlıq edə bilməməsi"
Parisdə bir elize rəsmisi Berlinin layihəni dayandırması barədə açıqlamasını təsdiqləyib.
Rəsmi bildirib ki, Emmanuel Makron və Fridrix Merts layihənin inkişafı barədə uzunmüddətli müzakirələr aparıblar. Hər iki lider sənaye tərəfdaşlarının layihəni davam etdirməkdə razılığa gəlməməsindən təəssüf hissi keçirir.
Makronun fikrincə, iki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı vacibdir və Fransa hakimiyyəti bu kimi Avropa layihələrinin milli təhlükəsizlik maraqları ilə uyğun gələn yollarını araşdırmağa davam edəcək.
Fransa Senatının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Sedrik Perrin isə bildirib ki, Makron FCAS layihəsinin davamlılığına inanmaqda tək qalıb.
Uzunmüddətli fikir ayrılıqları
Layihənin dayandırılması Avropa ölkələrinin iqtisadi tənəzzül fonunda hərbi qüvvələrini daha yaxından inteqrasiya etmək çağırışlarına baxmayaraq baş verir.
Rusiya-Ukrayna müharibəsi beşinci ilindədir, Avropa ölkələri isə ABŞ-ın təhlükəsizlik öhdəliklərinə dair narahatdı. Bu şəraitdə Fransa və Almaniya layihəni qurtarmaq üçün son cəhdlər etmişdi.
Mart ayında iki vasitəçi fransalı və alman nümayəndələr layihəni xilas etmək üçün təkliflər hazırlamağa tapşırılmışdı. Lakin tərəflər uzlaşa bilmədi, "Dassault Aviation" şirkətinin rəhbəri isə layihəni təkbaşına davam etdirməyi dəstəkləyirdi və birgə idarəçiliyə qarşı idi.
Hər iki lider layihənin uğuruna dair ictimaiyyət qarşısında iradə nümayiş etdirsə də, reallıq fərqlidir. Almaniya kansleri Fridrix Merts əvvəlcə güman edirdi ki, "birlikdə Avropa və xüsusən Fransa-Alman layihələrini həyata keçirmək üçün əlimdən gələni edəcəyəm".
Aprel ayında Makron Merts ilə danışıqlardan sonra layihənin ölü olmadığını bildirib və Avropanın indi daha çox birlik, müstəqillik və suverenliyə ehtiyac duyduğunu vurğulayıb.



