Qoşqar Təhməzli: "Qida təhlükəsizliyi yalnız kafe və restoranlara nəzarət deyil"
16 oktyabr 2026, 11:46 · Mənbə: Report.az

Qida təhlükəsizliyi yalnız ictimai iaşə müəssisələrinin, kafe və restoranların nəzarəti demək deyil.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qida təhlükəsizliyi yalnız ictimai iaşə müəssisələrinin, kafe və restoranların nəzarəti demək deyil.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, qida təhlükəsizliyinin 15-20 %-i sanitariya sahələrinə aiddir: "Yerdə qalan 80-85 %-i isə qida məhsullarının gigiyenik göstəricilərini əhatə edir. Amma əslində, yem təhlükəsizliyi "Qida təhlükəsizliyi haqqında" qanunda əks olunan əsas amillərdən biridir. Qanunu önə çəkən faktorlardan biri də odur ki, əgər yem təhlükəsizliyi təmin olunarsa, bu, istər iri və xırda buynuzlu heyvanların, istər quş və quşçuluq məhsullarının, istərsə də balıq və balıqçılıq məhsullarının təhlükəsizliyi deməkdir. Qida təhlükəsizliyi nəzarəti qida zəncirinin bütün mərhələlərində elə bir mükəmməl nəzarət sistemi qurmaqdır ki, sonda istehlaka verilən, idxal olunan, istehsal olunan və satışa gedən məhsulların hamısı təhlükəsiz olsun. Bu kompleks yanaşma həm istehsalçıların məsuliyyətini artırır, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir".
Q.Təhməzli qeyd edib ki, hazırda Azərbaycana idxal olunan istənilən heyvan yemlərinin, quşçuluq təsərrüfatlarında istifadə olunan yemlərin, balıqçılıq sahəsində istifadə olunan yemlərin və yem əlavələrinin hər biri ölkəyə gətirilməmişdən öncə bütün təhlükəsizlik göstəricilərinə görə qeydiyyatı həyata keçirilməlidir: "Əks təqdirdə, o məhsulların Azərbaycana idxalı qadağandır. Eyni zamanda, kənd təsərrüfatı sektorunda istifadə olunan bütün yem və yem əlavələri hazırda qida təhlükəsizliyi baxımından nəzarətə götürülür ki, həmin məhsullarda hər hansı bir təhlükəli amil ortaya çıxmasın. Çünki əgər belə olarsa, sonradan biz iri və xırda buynuzlu heyvanların ətində, südündə, eyni zamanda quşçuluq məhsullarının ətində və yumurtasında, balıqçılıq məhsullarında isə balıq ətində və kürüsündə həmin təhlükəli göstəriciləri aşkar edə bilərik".
Oxşar xəbərlər

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17


Dünya
Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Report.az · 19 oktyabr 2026, 15:17

Dünya
Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Report.az · 19 oktyabr 2026, 14:17