Papa Leo Avropanı miqrantlara dəstək göstərməyə çağırdı
Papa Leo XIV Avropa liderlərinə miqrantların müdafiəsi və inteqrasiyası üçün daha çox addım atmağı tövsiyə edib. O, İtaliyanın Lampeduza adasında səfəri zamanı bu mövzunun vacibliyini vurğulayıb.
Papa Leo Avropa liderlərini miqrantları qorumaq və inteqrasiya etmək üçün daha çox addım atmağa çağırıb.
O, bu fikirləri İtaliyanın Aralıq dənizi üzərində yerləşən, Afrikadan təhlükəli səyahət edən miqrantların Avropaya keçid qapısı sayılan Lampeduza adasına günübirlik səfəri zamanı deyib.
Katolik Kilsəsinin rəhbəri toplaşanlara bildirib ki, "Avropa bu bölgədə böhranı kompleks şəkildə həll edə, dərhal yardım tədbirlərini uzunmüddətli strategiya planına daxil edərək miqrantları qəbul edə, qoruyub, dəstəkləyə və inteqrasiya edə bilər".
O əlavə edib ki, Avropa inkişaf etməkdə olan ölkələrə kömək etməklə insanların mühacirət etmək məcburiyyətində qalmamasına dəstək olmalıdır.
Lampeduza minlərlə miqrant üçün Avropaya əsas giriş limanıdır
Papa Leo miqrantların qəbiristanlığında dua edib, limanda onlarla görüşüb və adada misa keçirib.
O deyib: "Aralıq Dənizin bu uzaq guşəsindən Avropa miqrasiya fenomeninin cəmiyyətlərə yaratdığı böyük çətinliyi daha aydın görə bilir".
BMT-nin qaçqın agentliyinin məlumatına əsasən, ilin ilk yarısında İtaliyaya 14 minə yaxın insan gəlib, onların əksəriyyəti Liviyadan yola çıxıb. Təxminən 60 faizi Lampeduzaya çatıb.
Papa Leo balıqçılıq və turizm sahəsində fəaliyyət göstərən 6 min nəfərlik yerli icmaya "göstərdiyiniz həmrəylik üçün" təşəkkürünü bildirib.
Papa ABŞ-ı miqrantları qəbul etməyə səsləyib
Digər tərəfdən, katoliklərin rəhbəri ABŞ-ın müstəqilliyinin 250 illiyi ilə bağlı ABŞ vətəndaşlarına miqrantları qəbul edib qorumağa çağırış edib.
Ölkəsinə göndərdiyi məktubda o, katolik həyat dəyərinin "migrantları qarşılamaq, qorumaq və onlara kömək etmək" olduğunu vurğulayıb.
"(Miqrantları) şəfqət və səxavətlə qəbul etmək təkcə xeyriyyəçilik deyil, həm də hər insanın ləyaqətinin tanınmasıdır," deyə məktubda qeyd olunub.





