TopXəbər

Niderlandda müharibəyə qarşı aksiya keçirildi

28 sentyabr 2026, 00:15 · Mənbə: TASS

Amsterdamda 5 mindən çox insan militarizasiyaya qarşı etiraz aksiyasında iştirak edib.

TASS yazır ki, Niderlandda ümumölkə etiraz tədbirində 5 mindən çox adam iştirak edib. Onlar hökumətin militarizasiya siyasətinə etiraz ediblər.

Aksiya "Müharibə qızdırmasını dayandırın" şüarı altında keçirilib. Dam Meydanında başlayan yürüş yüzlərlə nümayişçinin iştirakı ilə Amsterdamın mərkəzi küçələri boyunca davam edib.

Yanvarın 30-da Niderlandın yeni koalisiya hökuməti - sosial-liberal Demokratlar 66, Xristian Demokratlar və Azadlıq və Demokratiya Xalq Partiyası tərəfindən formalaşdırılıb. Hökumət razılaşmasına görə, növbəti üç il ərzində Ukraynaya ildə 3 milyard avro iqtisadi yardım ayrılacaq.

Hökumət NATO-nun tələbi üzrə ÜDM-in 3,5 faizini hərbi xərclərə ayırmağı planlaşdırır. Eyni zamanda, sosial müdafiə, səhiyyə və yaşlılara göstərilən xidmətlər üçün büdcə məhdudlaşdırılır. Bu, etirazların əsas səbəbi kimi göstərilir.