Niderland Kanye West-ə konsert verməyə icazə verib
Niderland hökuməti ABŞ-lı musiqiçi Kanye West-ə ölkədə konsert keçirməyə icazə verib. Lakin onun antisemit fikirləri səbəbindən bir neçə digər Avropa ölkəsi onu qəbul etmir.
Niderland hökuməti cümə günü mübahisəli ABŞ musiqiçisi Kanye Westin ölkədə çıxış etməsinə razılıq verib. Bu qərar antisemit fikirlərə görə Westi qəbul etməkdən imtina edən bir neçə digər Avropa İttifaqı ölkəsindən fərqlənir.
Hətta Niderland parlamenti qətiyyətlə reperin ölkəyə girişini qadağan etməyə səs vermişdi. Amma ölkənin qaçqınlar və miqrasiya naziri Bart van den Brink dedi ki, bu qərar onun Niderlanda girişini qadağan etmək üçün yetərli əsaslar deyil.
Bart van den Brink bildirib: "Ölkənizə insanların girişini qadağan etmək üçün aydın səbəblər lazımdır. Aparılan təhlillərdə belə səbəbləri tapa bilmədik."
Musiqiçi Almaniya sərhədinə yaxın yerləşən Arnhem şəhərində 6 və 8 iyun tarixlərində iki konsert verəcək. İkinci çıxış Westin 49 yaşı tamam olan günə təsadüf edəcək.
Holokostu inkar etməkdən svastika əşyalarının satışına qədər
Ye ləqəbi ilə tanınan West son illərdə "natsistlərə" sevgisini ifadə etməklə narazılıq yaradıb. O, Holokostun tarixini inkar edib, natsistləri və onların lideri Adolf Hitleri müdafiə edib, antisemit stereotiplər yaymaqla diqqət çəkib. Keçən il svastika simvolları ilə bəzədilmiş əşyalar satmağa başlayıb və Hitlerə həsr olunmuş mahnı yayıb.
Yanvar ayında West "The Wall Street Journal" qəzetində tam səhifə reklam verərək keçmişdəki davranışlarından üzr istəyib və "Mən natsist və antisemit deyiləm," "Mən yəhudi xalqını sevirəm" sözlərini söyləyib. ABŞ ulduzu davranışını beyninə aldığı zədə və bipolyar pozğunluğu da daxil olmaqla psixi sağlamlıq problemləri ilə əlaqələndirib.
West Böyük Britaniya və Polşada qadağan olunub
Lakin bu açıqlamalar qalmaqalları bitirməyib. Apreldə West Böyük Britaniyaya girişdən qadağan olunub; orada planlaşdırılan festivalda çıxış etməli idi. Bir neçə gün sonra Fransada konsertini təxirə salıb, xəbərlərə görə Fransanın daxili işlər naziri çıxışına mane olmağa çalışıb. Polşada isə iyunun 19-na planlaşdırılan konsert "rəsmi və hüquqi səbəblər"ə görə ləğv edilib.
Bu ilin əvvəlində Niderlandda yəhudi hüquq müdafiə qruplarından biri Westin konsertinin ləğvini tələb etmişdi. Onlar onun hərəkətlərinin "tarixi əhəmiyyətə malik olduğunu və sonradan üzr istəməyin bunu aradan qaldırmadığını" bildirmişdilər.
İsrail haqqında Məlumat və Sənədləşdirmə Mərkəzi (CIDI) Westin Niderland konsertinə icazə verildikdən sonra yenidən fikrini açıqlayıb. CIDI rəhbəri Naomi Mestrum deyib: "Niderlandın kimin səhnəyə çıxmasına və kimin çıxmasına icazə verilməməsi ilə bağlı mənəvi sərhəd cızmaqda aciz qalması başa düşülməzdir."

Deutsche Welle
Netherlands allows Kanye West to perform despite protests
Orijinal məqaləyə keç


