TopXəbər

Davud Rüstəmov: Azərbaycanda indiyə kimi müdafiə sektorunda heç bir kiber insident qeydə alınmayıb

2 oktyabr 2026, 11:45 · Mənbə: Report.az

Davud Rüstəmov: Azərbaycanda indiyə kimi müdafiə sektorunda heç bir kiber insident qeydə alınmayıb

Azərbaycan qanunvericiliyinə əsasən, kritik informasiya infrastrukturu sektorlarından biri və ən vaciblərindən olan müdafiə sektorunda kifayət qədər güclü kiber müdafiə qabiliyyəti mövcuddur.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan qanunvericiliyinə əsasən, kritik informasiya infrastrukturu sektorlarından biri və ən vaciblərindən olan müdafiə sektorunda kifayət qədər güclü kiber müdafiə qabiliyyəti mövcuddur.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov ADEX 2026 çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektorial görüşdə açılış nitqində deyib.

Onun sözlərinə görə, ümumiyyətlə bu prosesdə beynəlxalq təcrübə göstərir ki, kollektiv müdafiə bu məsələlərin mərkəzində dayanan prinsipdir.

"Müdafiə sektoru deyəndə təkcə Müdafiə Nazirliyindən söhbət getmir. Burada Azərbaycanın müdafiə sənayesindən tutmuş, müdafiə sahəsinə aid olan bütün qurumların fəaliyyəti və həmin fəaliyyətin rəqəmsal transformasiya olunmuş infrastrukturlar nəzərdə tutulur".

Mərkəz rəisi bildirib ki, indiyə kimi müdafiə sektorunda heç bir kiber insident qeydə alınmayıb.

"Qeydə alınan hər hansı çatışmazlıqların vaxtında aradan qaldırılması üçün kollegial fəaliyyət çox yaxşı təşkil olunub".

Bununla belə o qeyd edib ki, rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər də gətirir.

Onun sözlərinə görə, müdafiə sektorunda baş verən kiber-fiziki təhdidlər artıq narahatlıq həddini də aşıb.

"Geosiyasi proseslər kiber təhdidləri heç də kənarda qoymur, əksinə, özü ilə birlikdə inkişaf etdirir. Yaxın regionda, o cümlədən Körfəzdə (Fars körfəzi nəzərdə tutulur - red) baş verən münaqişələr göstərir ki, hərbi obyektlər də kiber təhdidlərin fokusunda və hədəfindədir. Görünən odur ki, hərbi təyinatlı texnikaların logistik hərəkətinin izlənməsi kimi təhdidlər xeyli artıb. Son üç ildə baş verən onlarla kiber insidentin çarpaz təhlili və aralarındakı ümumi nöqtələrin tapılması bizə imkan verir ki, biz bu barədə artıq daha həyəcanlı və ciddi şəkildə danışaq".