Azərbaycan nümayəndə heyəti Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında iştirak edib
22 oktyabr 2026, 14:17 · Mənbə: Report.az

Azərbaycan nümayəndə heyəti Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında iştirak edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan nümayəndə heyəti Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 68-ci Baş Assambleyasında iştirak edib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, sədr müavinləri Sənan Hacıyev, Ələddin Cəfərov və Ali Məhkəmənin İnzibati kollegiyasının sədri Xəqani Məmmədov iştirak ediblər.
Açılış mərasimində və tədbir çərçivəsində keçirilən beynəlxalq konfransda Portuqaliya Milli Assambleyasının sədri Joze Pedru Aqiar-Branku, Portuqaliya Ali Məhkəməsinin sədri Juan Kura Marianu, BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi Marqaret Sattertueyt və digər natiqlər çıxış ediblər. Çıxışlarda qanunun aliliyinin təmin olunmasında hakimlərin müstəqilliyinin əhəmiyyəti, eləcə də son illərdə dünyada bu istiqamətdə müşahidə olunan neqativ halların qarşısının alınmasında hakimlər assosiasiyalarının artan rolu vurğulanıb.
Daha sonra təşkilatın işçi qruplarının iclasları çərçivəsində üzv dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı mövcud problemlər müzakirə olunub. Polşada Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinin icrasına yaradılan maneələr, Albaniya, Serbiya və Litvada məhkəmələrin maddi təminatı, o cümlədən hakimlərin əməkhaqqı ilə bağlı yaranmış ağır vəziyyət tənqid edilib. Həmçinin Tunis, Çili və Peruda hakimlərin fikir və söz azadlığının məhdudlaşdırılmasını, eləcə də onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini pisləyən qətnamələr qəbul edilib.
Meksika Hakimlər Assosiasiyasının ölkədə hakimlərin müstəqilliyini şübhə altına alan yeni seçim sisteminin tətbiqinə biganə yanaşması və bununla da Beynəlxalq Hakimlər Assosiasiyasının nizamnamə tələblərinə cavab verməməsi səbəbindən təşkilatdakı üzvlüyünə xitam verilib.
Baş Assambleya çərçivəsində məhkəmələrdə süni intellektin tətbiqi üzrə vahid yanaşmaların müəyyənləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə yeni işçi qrup yaradılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sənan Hacıyev həmin işçi qrupa üzv seçilib.
Oxşar xəbərlər

Siyasət
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
Report.az · 22 oktyabr 2026, 14:46

Siyasət
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
Report.az · 22 oktyabr 2026, 12:16

Siyasət
159 ölkə Fransız Polineziyası xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib
Report.az · 22 oktyabr 2026, 10:47
