Mirziyoyev Qaşqadərya vilayətinin investisiya imkanlarını "AzerGold" rəhbərinin iştirakı ilə nəzərdən keçirib
22 oktyabr 2026, 20:17 · Mənbə: Report.az

Özbəkistan son beş il ərzində Azərbaycanın "AzerGold" dövlət şirkətinin "Akba" qızıl yatağını istismar etməyi planlaşdırdığı Qaşqadərya vilayətinə 7 milyard ABŞ dolları xarici investisiya cəlb edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan son beş il ərzində Azərbaycanın "AzerGold" dövlət şirkətinin "Akba" qızıl yatağını istismar etməyi planlaşdırdığı Qaşqadərya vilayətinə 7 milyard ABŞ dolları xarici investisiya cəlb edib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev regiona işgüzar səfəri zamanı xarici investorlarla görüşündə bildirib. Bu görüşdə həmçinin "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov da iştirak edib.
Ş. Mirziyoyev xarici tərəfdaşlarla Qaşqadəryanın sənaye inkişafı perspektivlərini və investisiyaların cəlb olunmasını müzakirə edib. Özbəkistan prezidentinin sözlərinə görə, son 5 ildə regiona həmçinin 20 trilyon sum daxili investisiya da yönəldilib.
Təqdim olunan təşəbbüslər çərçivəsində ümumi dəyəri 6 milyard ABŞ dollarından çox olan 161 layihə hazırlanıb. Onlardan 69 obyekt artıq istismara verilib, daha 92-nin isə tikintisinə başlanılıb. Özbəkistan Prezidenti xammal emalının dərinləşdirilməsinin və müasir texnologiyaların tətbiqinin zəruriliyini vurğulayıb.
"2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişafı ili olacaq", - Ş. Mirziyoyev deyib.
Qaşqadərya vilayətinin Kitab rayonunda Azərbaycan tərəfinin iştirakı ilə qızıl hasilatı layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Oktyabrın 21-i "AzerGold" Özbəkistanda özünün ilk xarici törəmə şirkətinin - "AzerGold Uzbekistan"ın qeydiyyata alındığını bildirib. O, geoloji kəşfiyyat, mineral resursların qiymətləndirilməsi və "Akba" yatağının işlənməsinin kommersiya perspektivlərinin öyrənilməsi ilə məşğul olacaq.
Özbəkistan tərəfinin məlumatına görə, yataqda çıxarıla bilən qızıl ehtiyatları 13 tondan çoxdur və əlavə kəşfiyyat daha 50 tona qədər potensialı üzə çıxara bilər.
Bu ilin iyun ayında "AzerGold" və Özbəkistanın Dağ-mədən Sənayesi və Geologiya Nazirliyi "Akba"nın birgə işlənməsinə dair çərçivə sazişi imzalayıb. Bundan əlavə, şirkət Nəvai vilayətindəki perspektivli sahələrin geoloji kəşfiyyatı üzrə özbək tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirir.
Lazımi icazələr alındıqdan sonra "AzerGold" "Akba"da təxminən 18 ay davam edəcək geoloji kəşfiyyat işləri aparmağı planlaşdırır. Onların nəticələrinə əsasən, yatağın sənaye işlənməsi perspektivlərini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma və investisiya təklifi hazırlanacaq.
Oxşar xəbərlər

Biznes
Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib
Report.az · 22 oktyabr 2026, 18:19


Biznes
Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb
Report.az · 21 oktyabr 2026, 20:18

Biznes
Aytən Axundova: "Nəqliyyat qanunvericiliyində sığorta mexanizmi təkmilləşdirilməlidir"
Report.az · 21 oktyabr 2026, 11:17