TopXəbər

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

23 noyabr 2026, 17:47 · Mənbə: Report.az

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

Ermənistan hökuməti vəd etdiyi yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Bu, Ermənistan dövlətinin gələcək inkişafı, Azərbaycanla sülh prosesinin başa çatdırılması, bölgədə sabitliyin təmin edilməsi baxımından mühüm siyasi hadisə sayılır. Bu mənada ən vacib məqamlardan biri yeni Konstitusiyadan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bundan əlavə, xarici siyasətdə sülh və mehriban qonşuluq prinsipləri, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində mövcudluğu, gələcəkdə dövlət gerbinin dəyişdirilməsi məsələsi də diqqət

Yeniliklərdən dərhal xəbərdar olun!

Ermənistan hökuməti vəd etdiyi yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Bu, Ermənistan dövlətinin gələcək inkişafı, Azərbaycanla sülh prosesinin başa çatdırılması, bölgədə sabitliyin təmin edilməsi baxımından mühüm siyasi hadisə sayılır. Bu mənada ən vacib məqamlardan biri yeni Konstitusiyadan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bundan əlavə, xarici siyasətdə sülh və mehriban qonşuluq prinsipləri, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində mövcudluğu, gələcəkdə dövlət gerbinin dəyişdirilməsi məsələsi də diqqət çəkir.

Müstəqillik Bəyannaməsinə istinadın ləğvi

2020-ci il müharibəsindən sonra rəsmi Bakının təşəbbüsü ilə sülh danışıqlarına başlanıldı. Azərbaycan uzun müddət bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu nümayiş etdirir, bu istiqamətdə real addımlar atır. Sülhün qarşısında duran ən böyük maneələrdən biri isə Ermənistan Konstitusiyasında 1990-cı ilin Müstəqillik Bəyannaməsinə istinaddır. Bəyannamədə "Dağlıq Qarabağ"ın Ermənistana birləşdirilməsi nəzərdə tutulurdu ki, bu da Azərbaycana qarşı ərazi iddialarının rəsmi ifadəsidir.

Lakin 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Sülh sazişinin mətnini parafladı və bu, rəsmi İrəvanın daxili siyasi hədəflərlə yanaşı həm də yekun sülhə nail olmaq üçün konstitusiya islahatlarına getməsini qaçılmaz etdi. Doğrudur, ötən il ərzində Konstitusiyaya dəyişikliklərin Sülh sazişindən sonraya saxlanılmasına cəhdlər də oldu. Lakin Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının gələcəyə saxlanılması sülh sazişinin imzalanmasını və deməli, rəsmi İrəvanın özünün gələcək siyasi-iqtisadi hədəflərinə çatmasını gecikdirə bilərdi.

Nəhayət, Ermənistan hökuməti referenduma çıxarmaq istədiyi yeni Konstitusiyanın mətnini açıqladı. Paşinyan xalqa müraciətində Konstitusiyanın 8-ci maddəsində xarici siyasətin prioriteti kimi sülhün müəyyən edilməsini Müstəqillik Bəyannaməsinin münaqişə məntiqindən imtina kimi təqdim edib: "Bu müddəa tarixi əhəmiyyət daşıyır. Bəli, bu, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtinadır".

Qeyd edək ki, Ermənistan Konstitusiyasının 116-cı maddəsi beynəlxalq müqavilələrin ratifikasiyası, dayandırılması və ləğvi qaydasını tənzimləyir. Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz. 168-ci maddənin 3-cü bəndi isə beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəliklərin ratifikasiyadan əvvəl Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmasını tələb edir. Bu baxımdan, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə verilən istinadın saxlanılması Azərbaycanla imzalanacaq sülh sazişinin konstitusion uyğunluğu məsələsində hüquqi mübahisə yarada bilərdi. İstinadın yeni Konstitusiyadan çıxarılması isə bu potensial ziddiyyətin aradan qaldırılması və sülh sazişinin ratifikasiyası üçün daha aydın hüquqi zəmin yaradılması baxımından əhəmiyyətlidir.

Paşinyan bildirib ki, Üçüncü Respublika münaqişə və qarşıdurma üzərində yaradılıb. Yeni Konstitusiya isə fərqli, sülh, təhlükəsizlik və rifaha əsaslanan Dördüncü Respublikaya keçiddir.

Fotoqalereya

1 / 3

Baş nazir, "Böyük Ermənistan" ritorikasını ölkənin talan edilməsi ilə əlaqələndirir və bildirir ki, Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyin məhvi astanasına gətirib. O, indiki müxalifəti tənqid edərək, "üçbaşlı müharibə partiyası" Cənubi Qafqazda sülhə mane olmağa çalışır" fikrini səsləndirib. Bununla da ölkədaxili siyasi mübarizəni özünün əsas mövzularından biri kimi təqdim edir və yaxın vaxtlarda, çox güman ki, layihə referendumdan keçdikdən sonra müxalifəti tarixin bir küncünə göndərmək üçün fəaliyyətə başlayacağının siqnalını verir.

Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumda xalq layihəni dəstəkləyərsə, Azərbaycanla sülh prosesini yekunlaşdıracağını və növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağını bəyan etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, müxalifətin "Paşinyan kreslosunu qorumaq üçün güzəştə gedir" ittihamını sıradan çıxarır. Eyni zamanda ondan narazı elektoratı da sakitləşdirir və açıqca deyir ki, siz mənə yox, sülhə səs verirsiniz - mən onsuz da postu təhvil verəcəyəm. Bununla da Paşinyan Ermənistan tarixində sülhü imzalayan və Dördüncü Respublikanı quran şəxs kimi qalmağı hədəfləyir.

Dinc qonşuluq, qarşılıqlı fayda

Ermənistanın yeni Konstitusiya layihəsində diqqətçəkən digər məqam xarici siyasətlə bağlıdır. Mətnə əsasən, sülhün qorunması xarici siyasətin prioritetidir, bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulması bu siyasətin əsasıdır. Layihənin dərcindən sonra xalqa müraciət edən Nikol Paşinyan "Ermənistanı səngərdən sülhün kəsişmə nöqtəsinə çevirmək istəyirik" ifadəsini səsləndirib. Yəni, uzun müddət qarşıdurma və təhlükəsizlik qorxuları üzərində qurulmuş siyasətdən uzaqlaşaraq, qonşularla əməkdaşlığa əsaslanan dövlətə çevrilməsini hədəfləyir. Uzun müddət regionda daim təhlükə və qarşıdurma şəraitində, özünütəcrid siyasəti ilə yaşayan Ermənistan üçün bu maddə çox vacib əhəmiyyətə malikdir. Artıq Ermənistan özünü qonşuları ilə mehriban dolanan, əlaqələr quran dövlət kimi təsdiqləmək şansı qazanıb. Qarşılıqlı faydalı münasibətlər isə iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticarətin inkişafı və regional əməkdaşlıqdan hər iki tərəfin bəhrələnməsi deməkdir.

Beynəlxalq səviyyədə tanınmış ərazi və gerb

Ermənistanın yeni Konstitusiya layihəsində digər maraqlı məqam "beynəlxalq səviyyədə tanınmış ərazi" ifadəsi ilə bağlıdır. Bu yanaşma Ermənistanın dövlətçilik çərçivəsini beynəlxalq səviyyədə tanınmış ərazi ilə, yəni "Real Ermənistanla" məhdudlaşdırmaq niyyətini ifadə edir.

Paşinyanın irəli sürdüyü "Real Ermənistan" konsepsiyası fonunda əhəmiyyət daşıyan digər yeniliklər isə Konstitusiya layihəsindəki dövlət rəmzləri ilə bağlı müddəalardır. Hazırkı Konstitusiyada Ermənistanın dövlət gerbinin təsviri, o cümlədən Ağrı dağı və Nuhun gəmisi ilə bağlı elementlər birbaşa Əsas Qanunda əksini tapır. Yeni layihədə isə bu təsvirin Konstitusiya mətnindən çıxarılması və gerb, bayraq, himnin təsvirinin referendumla qəbul ediləcək qanunla müəyyənləşdirilməsi təklif olunur. Əsas məsələ bundan sonra həmin rəmzlərin necə müəyyənləşdiriləcəyi və cəmiyyətin bu dəyişikliyə münasibətinin necə olacağıdır.