TəciliÇində güclü zəlzələ 16 nəfərin həyatını itirməsinə səbəb olub

TopXəbər

Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib

23 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib

Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsində din və əqidə azadlığı üzrə xüsusi məruzəçinin hesabatına etiraz edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsində din və əqidə azadlığı üzrə xüsusi məruzəçinin hesabatına etiraz edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı bildirib.

O vurğulayıb ki, din və ya etiqad azadlığının səmərəli şəkildə təmin edilməsi qarşılıqlı anlaşma, tolerantlıq və hörmətin hökm sürdüyü sabit cəmiyyətlərin əsas şərtlərindən biridir.

Ş.Hacıyev qeyd edib ki, məruzəçi sessiyaya təqdim etdiyi A/81/376 saylı hesabatında əsassız iddialara yer vermək əvəzinə, Azərbaycanın ərazilərinin 30 illik işğalı dövründə dini irsə, o cümlədən İslam dini ilə bağlı ümumbəşəri dəyərə malik abidələrə vurulmuş zərəri əks etdirməli idi.

Bildirilib ki, işğal dövründə azı 65 məscid tamamilə dağıdılıb, qəbiristanlıqlar isə genişmiqyaslı təhqir və talana məruz qalıb.

Bəyanatda xüsusi məruzəçinin sənədləşdirilmiş pozuntular barədə susması və hesabatında təsdiqlənməmiş məlumatlara yer verməsinin onun fəaliyyətinin qərəzsizliyi və obyektivliyi ilə bağlı ciddi suallar doğurduğu vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş dini icmaların sayı 994 olub. Onlardan 956-sı İslam, qalanları isə xristian, yəhudi, bəhai və Krişna dini icmalarına aiddir. Hazırda ölkədə 2387 məscid, 16 kilsə, 23 ibadət evi, 7 sinaqoq, bir bəhai və bir Krişna ibadət məkanı fəaliyyət göstərir.

Həmçinin vurğulanıb ki, BMT-nin İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli 5/2 saylı qətnaməsi ilə təsdiqlənmiş "Xüsusi prosedurlar mandatı daşıyıcıları üçün Davranış kodeksi"nə uyğun olaraq, mandat sahibləri öz funksiyalarını hər cür kənar müdaxilədən uzaq, obyektiv və qərəzsiz şəkildə yerinə yetirməlidirlər.