"AzFina": Bank sektoru bizi hələ də özünə rəqib görür
24 noyabr 2026, 10:49 · Mənbə: Report.az

Azərbaycan bankları fintexləri hələ də özünə rəqib görür, halbuki onlar maliyyə ekosisteminin mühüm iştirakçısına çevrilib.
"AzFina": Bank sektoru bizi hələ də özünə rəqib görür
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bankları fintexləri hələ də özünə rəqib görür, halbuki onlar maliyyə ekosisteminin mühüm iştirakçısına çevrilib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
O qeyd edib ki, fintexlər artıq maliyyə sisteminin kənarında dayanmış texnoloji şirkətlər deyil: "Onlar bu ekosistemin bir hissəsidir və getdikcə daha mühüm rol oynayırlar. Hazırkı mərhələdə qarşımızda duran əsas sual rəqəmsallaşmanı necə davam etdirə biləcəyimizdir ki, bu inkişaf həm sürətli, həm dayanıqlı, həm etibarlı, həm də ən əsası təhlükəsiz olsun. Azərbaycanın göstəricilərinə nəzər saldıqda da bazarın artıq sürətlə dəyişdiyini görürük. İnsanlar daha sürətli xidmət, dayanıqlı və 7/24 rejimli əlçatan xidmət istəyirlər".
"Mənim fikrimcə, bu prosesdə üç tərəfin düzgün əməkdaşlığı həlledici rol oynaya bilər. Söhbət Azərbaycan Mərkəzi Bankından, banklardan və fintexlərdən gedir. Bu tərəflərdən heç biri prosesi təkbaşına idarə edə bilməz. Burada, ilk növbədə, requlyatorun rolu yalnız qaydaları müəyyən etməklə məhdudlaşmır. Eyni zamanda, bazarın inkişaf istiqamətlərini görmək, riskləri düzgün qiymətləndirmək və innovasiyaların təhlükəsiz şəkildə inkişaf edə biləcəyi mühiti yaratmaq və qoruyub saxlamaq da vacibdir", - deyə E.Abdullayev əlavə edib.
Onun fikrincə, fintexlər bankların strateji tərəfdaşına çevrilməlidir: "Banklar fintexlərə yalnız rəqib və yaxud texnoloji təchizatçı kimi baxmamalıdırlar. Bir çox sahələrdə fintexlər bankların strateji tərəfdaşına çevrilməlidir. Əlbəttə, bankların bu istiqamətdə baxışını dəyişməsi bir qədər çətindir. Biz fintexlər olaraq müşahidə edirik ki, fəaliyyət göstərdiyimiz bir çox sahələrdə, xüsusilə də gəlirliliyi yüksək olan istiqamətlərdə banklar bizi hələ də rəqib kimi görürlər. Bu baxımdan ümidimiz AMB-yədir. Onun ədalətli ekosistemin qorunması istiqamətindəki fəaliyyəti bu məsələdə mühüm rol oynaya bilər".
"Eyni zamanda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi banklarla fintexlər arasında dialoqa şərait yaradır, əməkdaşlığın inkişafı üçün imkanlar formalaşdırır. Fintex sektorunun da üzərinə böyük məsuliyyət düşür. Çünki innovasiya yalnız sürət və ya texnologiyanın tətbiqi demək deyil, eyni zamanda məsuliyyət deməkdir. Fintex sektoru uzunmüddətli və dayanıqlı inkişaf istəyirsə, komplayens, çirkli pulların yuyulmasına qarşı mübarizə (AML), kibertəhlükəsizlik, məlumatların qorunması, əməliyyat dayanıqlığı və istehlakçı hüquqlarının müdafiəsini biznes modelinin ayrılmaz tərkib hissəsinə çevirməlidir. Mən çox sadə bir prinsipə inanıram: etibar olmayan yerdə innovasiya dayanıqlı ola bilməz. Bu baxımdan AMB-nin strateji baxışı bizim üçün xüsusilə vacibdir", - deyə sədr əlavə edib.
O, əmin olduğunu vurğulayıb ki, gələcəyin bankçılığı banklarla fintexlərin əməkdaşlığı üzərində qurulacaq: "Həm açıq bankçılıq, həm ani ödəniş sisteminin imkanlarının artırılması, AzQR ekosisteminin inkişafı, banklarla fintexlər arasında real inteqrasiyaların çoxalması, həm də regional interoperabelliyin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Lakin bütün bunların təməlində bir əsas amil dayanır: təhlükəsizlik və etibar. Çünki maliyyə sektorunda ən yaxşı texnologiya ən mürəkkəb və ya ən sürətli texnologiya deyil. Ən yaxşı texnologiya insanların istifadə etməkdən çəkinmədikləri, biznesin üzərində öz modelini qura bildiyi və requlyatorun sistem riskləri baxımından etibar etdiyi texnologiyadır".
"Qarşıdakı mərhələdə əsas vəzifəmiz bankların institusional gücünü, fintexlərin innovasiya sürətini və çevikliyini, requlyatorun isə strateji baxışını eyni istiqamətdə birləşdirməkdir. Əgər biz buna nail olsaq, nəticədə sadəcə daha rəqəmsal maliyyə sektoru deyil, həm də daha etibarlı və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli maliyyə ekosistemi formalaşdıra bilərik. İnanıram ki, gələcəyin bankçılığı banklarla fintexlərin bir-birini əvəz etdiyi deyil, bir-birini tamamladığı model üzərində qurulacaq. Bu modelin uğuru isə yalnız texnologiyanın səviyyəsi ilə deyil, aramızdakı əməkdaşlığın keyfiyyəti ilə ölçüləcək", - deyə sədr qeyd edib.
Oxşar xəbərlər

İqtisadiyyat
X Beynəlxalq Bank Forumu çərçivəsində iki memorandum imzalanıb
Report.az · 24 noyabr 2026, 10:49


İqtisadiyyat
Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"
Report.az · 24 noyabr 2026, 10:18
