Rəşad Sadıqov baş məşqçi oldu (RƏSMİ)

Rəşad Sadıqov baş məşqçi oldu (RƏSMİ)
"Zirə"nin baş məşqçisinin adı məlum olub. 

Qlobal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.

"Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədovun klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib: "Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".

Qeyd edək ki, "Qarabağ"ın və milli komandamızın sabiq kapitanı karyerasını 2019/20 mövsümünün sonunda bitirib. Rəşad indiyədək "Turan", "Neftçi", "Qarabağ", Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" və İranın "Fulad" klublarında çıxış edib. Azərbaycan millisində 111 oyun keçirən veteran müdafiəçi 5 qol vurub. O, 2016-2018-ci illərdə "Qarabağ"ın U-19 komandasını çalışdırıb.

Sadıqov futbolçu karyerası ərzində 7 dəfə Azərbaycan çempionluğunu ("Qarabağ" - 5, "Neftçi" - 2), 4 dəfə ölkə kubokunu ("Qarabağ" - 2, "Neftçi" - 2) qazanıb, 6 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.