İstefada olan Qəhrəmanın virtual “qəhrəmanlıqları”

İstefada olan Qəhrəmanın virtual “qəhrəmanlıqları”

Bu günlərdə istefada olan zabit Qəhrəman Mənsimzadənin yenidən bir az əvvəl ortaya atdığı “dəhşətli faktları” təkrarən efirə ötürməklə sosial şəbəkələrdə özünün “virtual döyüş qəhrəmanlıqlarını dava etməyə çalışır”. Onun bütün dediklərinə biganə qalmaq, dilə gətirdiklərini qulaq ardına vurub keçmək olardı, əgər onun yazdığı əsassız fikirlər təkcə mənə və yaxud ancaq konkret adama aid olsaydı. Lakin onun bütün Ordumuzu hədəf tutmasına biganə qala bilməzdim.

Deyirlər bir adamı ifşa etmək, onun fikirlərini faş etməyin ən asan yolu elə onun öz fikirlərinə istinad edərək onun cavabını verməkdir. Elə mən də onun səsləndirdiyi fikirlər əsasına öz mülahizələrimi də qələmə almaq qərarına gəldim. Nəticə və qərarı da oxucuların ixtiyarına buraxmaq şərti ilə. Haqq-ədalət üçün can atmağa, həqiqəti ortaya çıxarmaq üçün savaşmağa, korrupsiyaya qarşı mübarizəyə töhvə verməyə heç kim erməni dəyirmanına su tökmək demir. Unutmayaq ki, erməni kəşfiyyat orqanları da gözünü qırpmadan sosial şəbəkələri izləməklə bizim haqqımızda məlumat toplamaq üçün dəridən qabıqdan çıxır. Amma dediyi kimi ömrünü “Vətənə şərəfli” xidmətə sərf edən bir adamın ağzını açıb gözünü yumaraq, yüzlərlə xidməti məlumatları çalışdığı sosial şəbəkələrə yerləşdirmək, zabitlərin vəzifələri, rütbələri vəzifələrini feysbukda eninə-boyuna yazmaq, insanların şəxsi həyatı ilə bağlı məlumatları şərəfsizlərin ixtiyarına verənlərə nə ad vermək olar? Erməni xüsusi xidmət orqanlarının işini asanlaşdıran, necə deyərlər düşmənin yuxasına bal-yağ sürtənlərə bəs nə deyək? Bunu da Siz deyin!! Qəhrəmanın virtual “qəhrəmanlıqlarını” mütaliə edən əziz oxucular və sosial şəbəkə izləyiciləri.

Kim nə desə də Mənsimzadə Qəhrəman yüz bəhanə uydurub, yüz söz tapıb özünü təmizə çıxarmağa çalışacaq və əlavə yersiz diskussiyalara, təhqirlərə yol verəcəkdir. Niyə məhz ehtiyatda olan zabitlər yazır onun “qəhrəmanlıqlarından”? Çünki əgər xidmətdə olan yazsa, Qəhrəman mütləq çıxıb yenədə sosial şəbəkələri işğal edərək deyəcək ki, xidmətdədi, vəzifədədi, məcbur ediblər o da qorxudan yazır.

Amma xidmətdə olanların da onun haqqında yazmağa, deməyə sözü çoxdu, yetərincədi. Çoxları onun necə karyerist olduğunu, öz rahatlığından başqa heç nəyi vecinə almadığını, daima ağlağan-sızıldayan olduğunu, yalnız isti yer, asan iş davası etdiyini, həmişə savadı ilə deyil ambisiyaları ilə hərəkət etdiyini, özünə tənqidi yanaşmağı bacarmadığını, yalnız başqalarının “nöqsanları” ilə məşğul olduğunu bilir, xatırlayır. Ancaq xidmətdə olan zabitlər nəyəsə görə deyil, sadəcə olaraq Ordu mövzusunun yersiz müzakirəsinə sosial mediada rəvac verməmək, hərbi qulluqçularımızın işgüzar imicinə xələl gətirməmək, nizamnaməni pozmamaq üçün bu addımı atmırlar. Zabitlər çəkindikləri üçün deyil, subordinasiya qaydalarını qorumaq xətrinə Qəhrəman kimi ağına-bozuna baxmadan yazmaqdan uzaqdırlar. Virtual məkanda pafoslu çıxışlar etməklə özünü “düzlük, dəqiqlik uğrunda mübarizə qəhrəmanı” kimi qələmə verməyə, sosial şəbəkə istifadəçilərinə sırımağa çalışan M.Qəhrəman da unutmasın.

Nəriman Azadlı 
Ehtiyatda olan zabit