"Hiss olunur ki, müdafiə naziri yerindədir və işinə ürəklə yanaşır" - VİDEO

Suallara görə jurnalistlərə təşəkkürlər!

İmkan tapıb, bu gün tam baxdım. Daha əvvəl youtubda Z.Həsənovun, “Azərbaycan Prezidentinin siyasəti nəticəsində Qarabağda cinayətlər törətmiş Serj Sarqsyanı döyüşsüz məğlub etməsi” sözlərinə bir lağlağını görmüşdüm. Lağlağı müəlliflərinə vaxt ayırmayacağam. İfadə haqqında qısa demək istəyirəm.

Aprel döyüşlərindən bir ay sonra burada yazmışdım, “4 günlük müharibədə” məğlubiyət Serj Sarqsyan rejiminin çökməsinə gətirəcək. Daha sonra “Sasna Srer” baş verdi və bir sıra daha dərin siyasi proseslər başladı. Prosesin tam başa çatmasında iki il tələb olundu və Sarqsyan və siyasi klanı hakimiyyət uzaqlaşdırıldı.

Təsəvvür edək, “aprelsiz” bu olardımı? Olmurdu. “Ermənistan əhalisi “Qarabağ klanına” dözürdü ki, bunlar Qarabağı qazanıblar, yenə nəsə olsa, müdafiə edərlər... edə bilmədilər və bunların zülmünə dözməyin “son gərəkçəsi” aradan qalxdı. Beləliklə, işğalçının aprel uğursuzluğu Ermənistanda hakimiyyət dəyişikliyində həlledici amillərdən biri olmuşdu. Aprel əmrini isə Ali Baş Komandan vermişdi. Yəqin ki, bu əmr spontan verilməyib, müəyyən siyasətin davamında olub.

Azərbaycan Ermənistanı döyüşsüz, o cümlədən silahlanma yarışması ilə iqtisadi cəhətdən çökdürür, onu daim çətinə salır. Bu da siyasətdir.

Hörmətli müdafiə naziri də bunu deyir. Bu sözlərdə məsxərəyə qoyulası nə var? Qarabağ problemi hər iki ölkə üçün əvvəldən həlledici daxili ictimai-siyasi və sosial-iqtisadi amil olmuşdu. Qarabağın üzərindən hər iki ölkədə hakimiyyətlər dəyişmişdi, bu gün də Qarabağ həmin potensialını saxlayır.

Baxmayan dostlar varsa, baxsınlar. Çox səmimi zəhmətkeş hərbçi müsahibəsidir.

Nazim Bayram
Keçmiş səhra komandiri